İlham Əliyevdən Avropa Şurasına sərt ittihamlar
İlham Əliyevdən Avropa Şurasına sərt ittihamlar

"Bunların heç biri mənim iradəmə, fikirlərimə, hərəkətlərimə təsir edə bilməz"

Son günlər Azərbaycan zabiti Ramil Səfərovun əfv edilməsi beynəlxal miqyasda geniş müzakirə yaratdı. Və demək olar ki, proseslərin ilkin məqamında erməni lobbisi təsir imkanlarını artıra bildi. Öncəliklə ABŞ Dövlət Departamenti hamını şoka sala biləcək bəyanatla çıxış etdi və az qala Azərbaycanı atəşkəsi pozmağa cəhddə ittiham etdi. Bunun davamı olaraq Avropa Şurası rəhbərliyindən də sərt ittihamlar səsləndi.

Artıq erməni lobbisində belə rəy yaradıldı ki, bu prosesdən istifadə edərək Azərbaycana qarşı hərbi siyasi təzyiqləri artırmaq olar və bununla da ATƏT çərçivəsində olan danışıqları dayandırmağa nail olacaqlar. Bundan öncədə Ermənistan dəfələrlə cəhd etmişdi ki, danışıqları pozsun və məhz Ramil Səfərov kartından yararlanmağa cəhd edildi. Çox maraqlı başqa bir məqam isə bu oldu ki, erməni lobbisi bu prosesdə psixoloji məğlubiyyətdən xilas olmaq üçün ASALA kartından istifadə etməyə çalışdılar. Öncə radikal qruplaşmalar Azərbaycana müharibə elan etməyi tələb etdilər, daha sonra Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi və ya müstəqil dövlət kimi tanınması üçün proseslər başladı. Əsas bəhanə isə bu göstərildi ki, Ramil Səfərov kimi terrorçuya Azərbaycan dövləti dəstək verirsə, deməli bu ölkə əslində terrora dəstək verən dövlət kimi qəbul olunmalıdır. Amma Azərbaycan tərəfi bu prosesdən də kifayət qədər uğurla çıxa bildi. Uğurun ən başlıca səbəbi isə ittihamlara bir başa cavab verməsi oldu. Bu dəfə isə prezident İlham Əliyev bu ittihamlara daha sərt cavab verdi və Azərbaycanın dünyada və regiondakı yerini bir daha hamıya göstərdi.
"Ramil Səfərovun Vətənə qaytarılması ilə bağlı əvvəllər ümumiyyətlə, mən hesab etmirdim ki, biz nə isə deməli idik. Çünki əsas məsələ onu Vətənə qaytarmaq idi. NATO-nun baş katibi bir neçə gün bundan əvvəl Bakıda idi və mətbuat konfransında mən məsələnin hüquqi tərəfinə toxundum. Bunu siz bilirsiniz". Bu sözləri prezident İlham Əliyev Şəkiyə səfəri çərçivəsində bu rayonda 423 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbənin istifadəyə verilməsi münasibətilə təşkil olunan mərasimdə deyib. Dövlət başçısı Azərbaycan dövlətinin götürdüyü beynəlxalq öhdəliklərə sadiq olduğunu deyib. "Biz Ramil Səfərovu Avropa Konvensiyası əsasında Azərbaycana gətirdik və o, Azərbaycan Konstitusiyası əsasında əfv edildi. Mən orada bir sözü də dedim: Əsas məsələ ondadır ki, Azərbaycan öz zabitini Vətənə qaytardı.
Baxın, bundan sonra bizə qarşı nə qədər təzyiqlər və ittihamlar başladı. Ermənilər, dünyanın erməni lobbisi hay-küy qaldırdılar. Mən bir neçə ay bundan əvvəl təsadüfən deməmişdim ki, bizim əsas düşmənimiz erməni lobbisidir. Bunlar indi Azərbaycana qarşı nə qədər çirkin kampaniya aparırlar. Onların himayəsində olan rüşvətxor, riyakar, satılmış senatorlar, bəzi beynəlxalq qurumların rəhbərləri, bəzi siyasətçilər indi Azərbaycana əsassız ittihamlar irəli sürürlər. Axı bu ittihamların əsası yoxdur".
Prezident İlham Əliyev hər şeyin qanun çərçivəsində, Avropanın qəbul etdiyi konvensiyalar çərçivəsində edildiyini deyib. "Amma görün, Avropa Şurasının baş katibi nə deyib? Bu adam ki, bunun vəzifəsi humanizmi təcəssüm etdirməkdir, bunun vəzifəsi insan hüquqlarının qorunmasıdır. Avropa Şurası dəfələrlə Azərbaycana qarşı əsassız ittihamlar irəli sürüb. Mən bunu yaxşı bilirəm. Çünki üç il Avropa Şurasındakı nümayəndə heyətinə başçılıq etmişəm. Təkidlə təzyiq edirdilər ki, biz cinayətkarları azadlığa buraxaq. Mən xatırlayıram, onların arasında bir cinayətkar var idi ki, Avropa Şurasının təkidi ilə azadlığa buraxıldı. Ondan bir neçə ay sonra yenə cinayət törətdi, bütöv bir ailəni qətlə yetirdi. Deməli, ata, ana və kiçikyaşlı qız uşağını qətlə yetirdi. Həmin bu Avropa Şurası ki, bunun azadlığa çıxmasını tələb edirdi, indi də məni ittiham edir ki, Ramil Səfərovu niyə əfv etmişəm.
Həmin o adamın vətənindən olan Breyviq 80-ə yaxın adamı qətlə yetirdi, 21 il iş verdilər. Hər bir ölənə elə bil ki, 3 ay cəza düşür. Elə şey olarmı? Ona görə niyə səsini çıxarmır? Yaxud da bir ermənipərəst senator var Menendez. Qatı antiazərbaycan, islamafob, ermənipərəst bir adamdır. Onun son əməli ondan ibarətdir ki, Amerikanın Azərbaycandakı əvvəlki səfirinin vaxtının uzadılmasına yol vermədi, onun namizədliyinin qarşısını aldı. İki səbəbə görə. Birinci səbəb, Amerika səfiri qondarma "erməni soyqırımı"nı tanımır. O, heç tanımamalıdır. Çünki Amerika dövləti bunu tanımır. İkinci səbəb ondan ibarət idi ki, bu səfirin xanımı türk mənşəlidir. Axı bu, rasizmdir, bu, islamofobiyadır. Yenə də deyirəm, biz bunları bilməliyik. Amma onu demək istəyirəm ki, bunların heç biri mənim iradəmə, fikirlərimə, hərəkətlərimə təsir edə bilməz və heç vaxt təsir etməyəcək".
Beləliklə açıq şəkildə demək olar ki, Ermənistan və erməni lobbisi İlham Əliyevin məhz bu cür sərt bəyanatları və sistemil siyasəti ilə prosesi daha da uduzdu. İkinci vacib məsələ isə bu oldu ki, İlham Əliyev artıq ikili xətt tutan bəzi güclərə da açıq şəkildə mesajını verdi və hesab etmək olar ki, növbəti mərhələ də Azərbaycan bu təşkilatlar və qüvvələrlə daha açıq şəkildə diplomatik savaşa başlayacaq.

Mehdi Əli