Paytaxt Bakı ilə yanaşı, digər şəhərlərdə də daşınmaz əmlak bazarında çoxmərtəbəli binalardakı mənzillərin payı sürətlə artmaqda, belə mənzillərin sakinlərinin sayı çoxalmaqdadır. 

Unikal.org xəbər verir ki, buna görə də həmin mənzillərin dövlət qeydiyyatı və çıxarışla təmin olunması xüsusi əhəmiyyət daşıyır. Məhz "Kütləvi çıxarış kampaniyası da vətəndaşlara qeydiyyat xidmətlərini yaxınlaşdırmaqla onları çıxarış sahibi edir. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən noyabrın 5-də daşınmaz əmlakın qeydiyyatı ilə bağlı ictimai xidmətlər respublikanın daha bir iri şəhərində göstərildi. Belə ki, Sumqayıt şəhəri, 17-ci məhəllə, Heydər Əliyev prospektində yerləşən 2 yaşayış binasının sakinləri kampaniyanın fürsətlərindən istifadə etdilər. 16 mərtəbəli, 180 mənzilli və tək girişli binada yaşayan vətəndaşlardan 110 nəfəri səyyar xidmət ofisinə müraciət etdi. Sakinlərin 50-nə mənzillərinə dair hazır çıxarışlar təqdim olundu. Yaşayış binasında yaşayan digər 60 sakindən çıxarışların verilməsi üçün ilkin mülkiyyət sənədləri qəbul edildi.

"Kütləvi çıxarış kampaniyası çərçivəsində 40 sakinə həm də hüquqi xidmətlər göstərildi. Səyyar ofisə müraciət edən vətəndaşların sualları komitə əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olaraq cavablandırıldı. Onlara qeydiyyatla bağlı sənədlər, aparılan prosedurlar, dövlət rüsumu və xidmət haqqı ilə bağlı məlumatlar verildi.

Qeydiyyat xidmətlərinin yaşayış yerlərinə, birbaşa ünvanlara aparılması sakinlərin vaxtına qənaəti təmin edir. Başqa sözlə, vətəndaşlar məişət və işgüzar fəaliyyətdən uzaqlaşmadan əlçatan və sürətli xidmətlərdən yararlanırlar. Yaşayış komplekslərində göstərilən belə xidmətlər sayəsində vətəndaşlar geniş formada mənzillərini qeydiyyata alırlar. Bu halda əsas üstünlük ondan ibarətdir ki, çıxarışı olan daşınmaz əmlak sahibinə əlavə imkanlar yaradır. Nəticədə qeydiyyata alınmış əmlak bazarda daha inamlı mövqe tutur. Mənzil üzərində mülkiyyət hüququna sahib olan vətəndaş mənzilindən yaşayış üçün istifadə etməklə yanaşı, onu tam rahatlıqla iqtisadi əməliyyatlara cəlb edə bilir.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ölkədə qeydiyyata alınmış daşınmaz əmlakların sayını artıran digər sosial tədbir "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol kampaniyasıdır. "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol kampaniyasının növbəti ünvanı 5-8 noyabr tarixlərində, saat 09:00-dan 17:00-a qədər Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsidir (Bələdiyyəsinin inzibati binasının qarşısı). Komitə əməkdaşları tərəfindən sakinlərə fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklarla bağlı qeydiyyat xidmətləri göstəriləcək. Qeyd edilməlidir ki, Abşeron rayonu və paytaxt üzrə 16 kənd və qəsəbədə keçirilən aksiya yüzlərlə vətəndaşı xidmətlərlə ilə təmin edib.