Millət vəkilinə ağır mənimsəmə ittihamı
Millət vəkilinə ağır mənimsəmə ittihamı

Binəqədi sakini deputat Aslan Cəfərovun onun torpağını ələ keçirdiyini iddia edir

Bakının Binəqədi rayonu, Rəsulzadə qəsəbəsinin sakini Məhəbbət Dəmirçiyeva millət vəkili ilə qonşu olmasına peşiman olub. Buna səbəb isə qonşusu ilə aralarına torpaq sahəsi üstündə düşən mübahisədir. Dəmirçiyeva bu barədə "ANS"də məlumat verib.

Şikayətçi deyib ki, qanuni sənədlərlə aldığı torpaq sahəsinin bir sotu millət vəkili Aslan Cəfərov tərəfindən mənimsənilib. Onun sözlərinə görə, sentyabrın 4-də Aslan Cəfərov polis əməkdaşlarının iştirakı ilə gecə saatlarında onun 27 metr uzunluğunda hasarını uçurub. Özü də əlində heç bir sənəd olmadan. Millət vəkilinin bu addımı atmasına səbəb isə Məhəbbət xanımın hasarını öz evinə yaraşdırmamasıdır.
Məsələ ilə bağlı ittiham olunan millət vəkili ilə də mövqeyini açıqlayıb. Aslan Cəfərov bildirib ki, Məhəbbət xanımın dedikləri cəfəngiyyatdır. O nə qadının torpaq sahəsini tutub, nə də hasarını uçurub. Sadəcə olaraq, bələdiyyə tərəfindən ərazidə abadlıq işləri aparılıb və Məhəbbət xanımın görkəmsiz hasarı uçurulub.
Millət vəkilinin dediklərini Rəsulzadə qəsəbəsinin bələdiyyəsi ilə də dəqiqləşdirilib. Bələdiyyə sədri Hümbət Hüseynov bildirib ki, əslində qanunla həmin ərazidə 500 kv.m artıq torpaq sahəsinin satılması mümkünsüzdür. Amma həmin ailə 2000-ci ildə orada 700 kv.m torpaq sahəsini satın alıb. O ki qaldı torpağın mənimsənilməsinə, bu barədə söhbət belə gedə bilməz. "Xanımın torpaq sahəsi ölçülüb və müəyyən olunub ki, o torpaq sahəsi 700 deyil, 790 kv.m-dir. Yəni əlavədir, söküntü işləri isə bələdiyyə və yerli icra orqanları tərəfindən abadlaşdırma məqsədi ilə aparılıb", - deyə Hümbət Hüseynov bildirib.
Bələdiyyə sədrinin sözlərinə görə, lazım gəlsə, həmin torpaq sahəsində yenidən ölçmə işləri aparıla bilər. O zamansa məlum olacaq ki, hələ şikayətçinin ixtiyarında sənədləşdirilməmiş 30 kv.m torpaq sahəsi var.
Aliyə