Leyla Əliyeva "Dostluq körpüsü"nün açılışında iştirak etdi
Leyla Əliyeva "Dostluq körpüsü"nün açılışında iştirak etdi

Həştərxanda "Azərbaycan-Rusiya dostluq körpüsü"nün təntənəli açılış mərasimi olub. Mərasim iştirakçıları öncə Həştərxanın mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Körpünün açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyeva iştirak edib.

Mərasimdə, həmçinin Azərbaycan dövləti və Həştərxan vilayət administrasiyasının rəsmi şəxsləri, Milli Məclisin deputatları, Həştərxanın azərbaycanlı icması, şəhər sakinləri iştirak ediblər. Leyla Əliyeva körpünün açılış mərasimində nitq söyləyib.
Körpünün tikintisi haqqında qərar 2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin Həştərxana səfəri zamanı qəbul edilib. Həmin vaxt Prezidentin iştirakı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinin açılış mərasimi olub. 2011-ci ilin mayında "Rusiya-Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru" mövzusunda I Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində "Dostluq körpüsü"nün təməlqoyma mərasimi keçirilmişdi. Ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin rəmzi olan körpünün tikintisi Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilib.
Piyada körpüsü Heydər Əliyev parkı ilə I Pyotrun abidəsinin yerləşdiyi bulvarı birləşdirir.
Ornamentlərdə Bakı və Həştərxanın rəmzləri - Qız qalası və Həştərxan Kremli əks olunub. Körpünün uzunluğu 50 metr, eni isə 6 metrdir. Körpü şəhərlilərin bir sahildən digər sahilə keçidini xeyli asanlaşdıracaq. Sakinlər bunadək kanalın digər tərəfinə keçmək üçün xeyli yol qət etməli olurdular. Körpünün tikintisi həştərxanlılar üçün əsl hədiyyə oldu.
Mərasim iştirakçıları daha sonra "Meçta" uşaq əyləncə şəhərciyinin açılışında iştirak ediblər. Şəhərcik Heydər Əliyev parkında inşa edilib. Heydər Əliyev Fondunun dəstəyi ilə salınan şəhərciyin ümumi sahəsi təqribən 1200 kvadratmetrdir. Burada yeddi böyük və bir neçə kiçik attraksionlar quraşdırılıb, uşaqların təhlükəsizliyi üçün bütün zəruri şərait yaradılıb. Hazırda parkın ərazisində, həmçinin uşaq kafesinin tikintisi aparılır.