Bu gün səhər saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış olması barədə məlumat daxil olub. 

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunmuş, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb. İlkin məlumata görə, 3 girişdən ibarət binanın 1-ci girişindəki mənzillər dağılıb. 

Dağıntılar altında qalanların olduğu ehtimal olunur. 

Hazırda axtarış-xilasetmə işləri aparılır. İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş vermişdir. Əlavə məlumat veriləcək.

***08:34

Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanı ölənlərdən birinin meyiti dağıntılar altından çıxarılıb.

Unikal.org xəbər verir ki, hələlik şəxsiyyəti məlum olmayan gənc oğlanın meyiti dağıntılar altından çıxarılaraq adiyyəti üzrə təhvil verilib. İlkin məlumatlara bir neçə nəfər dağıntılar arasından xilasedicilər tərəfindən yaralı vəziyyətdə çıxarılılb.

Hazırda ərazidə xilasetmə işləri davam etdirilir.

****09:03

Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanı dağıntılar altında qalan daha iki nəfərin meyiti çıxarılıb.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, Gəncə şəhərinin Kəpəz rayonunda yaşayış binasında baş vermiş qəza hadisəsi ilə əlaqədar aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından daha iki nəfərin, 1971-ci il təvəllüdlü Tağıyeva Nigar Tağı qızı və 1994-cü il təvəllüdlü Heydərov Hüseyn Oktay oğlunun meyiti tapılaraq çıxarılmışdır. Ümumilikdə, ərazidə aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntılar altından 3 nəfərin meyiti çıxarılmış, 1 nəfər yaralı vəziyyətdə aşkar edilərək xilas edilmişdir. Əməliyyat davam edir. Əlavə məlumat veriləcək.

Məlumatına görə, dağıntılar altından 50 yaşlı qadın və onun 25 yaşlı oğlunun meyiti çıxarılıb. Qadının orta məktəb müəllimi olduğu bildirilir.

Axtrışlar davam etdirilir.