Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Unikal.org-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 21-i gün ərzində Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsəcək.

Azərbaycanın rayonlarında noyabrın 21-i axşam şimal və qərb rayonlarından başlayaraq noyabrın 25-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcək.

Çaylarda sululuğun artacağı, xüsusən Lənkəran-Astara zonasının bəzi çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.