12 Dekabr 2018
DİN nümayəndələri BSU tələbələri ilə görüşdülər - FOTO
CƏMİYYƏT 16:37
  • A

Bu gün Bakı Slavyan Universitetində (BSU) narkomaniya ilə mübarizə və yol hərəkəti qaydalarının gənclər arasında təbliğinin gücləndirilməsinə həsr olunmuş maarifləndirici tədbir keçirilib. 

Unikal.org xəbər verir ki, tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov, Nəsimi rayon Polis İdarəsinin rəis müavini Vüsal Rüstəmov, Nəsimi RPİ-nin bölmə rəisi Firdovsi Əsədli, Nəsimi RPİ-nin əməkdaşı Cəlil Əliyev və BSU-nun pedaqoji kollektivi iştirak edib.

Tədbiri giriş sözü ilə açan BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov görüşün mahiyyəti barədə danışaraq təhsil müəssisələrində mütamadi olaraq belə tədbirlərin keçirilməsini gənclərin sağlam cəmiyyətə inteqrasiya etməsində mühüm addım olduğunu deyib. Narkomaniya bəlasından qorunmağın vacibliyindən danışan T.Cəfərov qeyd edib ki, narkotik kimi zərərli vərdişlər gündəmi narahat edən başlıca problemlərdəndir. O bildirib ki, narkomaniya insanın təkcə fiziki sağlamlığına mənfi təsir göstərmir, həm də mənəviyyat aləmində, şəxsiyyət kimi formalaşmasında ciddi problemlər yaradır.

Nəsimi rayon Polis İdarəsinin rəis müavini Vüsal Rüstəmov narkomaniya ilə bağlı xəstəliklər və narkotiklə mübarizə etməyin yolları barədə məlumat verib. Orta və ali təhsil müəssisələrində narkomaniyaya qarşı vaxtaşırı maarifləndirici tədbirlərin keçirildiyini deyən rəis müavini adıçəkilən sosial problem barədə gənc nəslin məlumatlı olmasının vacibliyini diqqətə çatdırıb. V.Rüstəmov qeyd edib ki, ölkəmizdə narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomanlığa düçar olanların sağlam həyata qaytarılması və digər məsələlərlə bağlı qarşıya ciddi vəzifələr qoyulub. O bildirib ki, narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir.

Tədbirin davamında yol hərəkəti qaydalarına düzgün riayət etməklə bağlı gənclərə məlumatlar verilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov çıxışında bildirib ki, sürücü və piyadaların, uşaqların yol hərəkəti qaydalarına dair bilik və bacarıqlarının artırılması, onlara təhlükəsiz davranış vərdişlərinin aşılanması istiqamətində Daxili İşlər Nazirliyi tərəfindən mütəmadi olaraq maarifləndirici tədbirlər keçirilir. Ölkəmizdə son illərdə yol nəqliyyat hadisələrinin, avtomobil idarə edərkən diqqətsizlik və qaydalara düzgün riayət olunmaması səbəbilə baş verən qəzaların, insan ölümlərinin sayının azalmağa doğru getdiyini deyən V.Əsədov bunu yol polislərinin xidməti vəzifələrini uğurla yerinə yetirilməsinin nəticəsi kimi dəyərləndirib. O bildirib ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində keçirilən zəruri tədbirlərdən ən vacibi Bakı şəhəri ərazisindəki avtomobil yollarında piyada keçidlərinin sayının artması olub. Vaqif Əsədov piyada və sürücülər tərəfindən törədilən inzibati xətalardan danışaraq deyib ki, foto-video qeydiyyat funksiyalı texniki vasitələrlə yol hərəkətinə nəzarət sahəsi genişləndirilib, sürət həddinin aşılması və digər inzibati xətaların aşkarlanması daha da asanlaşıb. Yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində əhalinin maarifləndirilməsi məsələsinə xüsusi diqqət yetirilməsinin vacibliyindən danışan polis polkovniki gənclərə yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasının səbəb ola biləcəyi ağır fəsadlar, qayda pozuntusunun insan həyatı üçün yaratdığı təhlükələr barədə xəbərdarlıq edib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.