13 Dekabr 2018
İsmayıllıda YAP-ın yaradılmasının 26-cı ildönümü keçirildi - FOTOLAR
CƏMİYYƏT 16:05
  • A

Yeni Azərbaycan Partiyasının İsmayıllı rayon təşkilatı YAP-ın yaranmasının 26-cı ildönümünə həsr olunmuş tədntənəli tədbir keçirib. 

Unikal.org xəbər verir ki, rayon təşkilatının inzibati binasında təşkil olunan tədbirdən əvvəl iştirakçıların bir qrupu ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri qoyublar.

Bayram tədbirini giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova partiyanın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, Heydər Əliyevin xalqın və dövlətin qarşısındakı misilsiz xidmətlərindən danışıb. O, Azərbaycanda dövlətçiliyin möhkəmlənməsinin, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsinin dahi rəhbər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər Azərbaycanı magistral inkişaf yoluna çıxarıb. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Dövlət müstəqilliyimizin əbədi və dönməz xarakter alması da məhz ulu öndərin mətin iradəsinin, dönməz mübarizliyinin nəticəsidir.

Daha sonra YAP İsmayıllı rayon təşkilatının sədr müavinləri Məhərrəm Əhmədov, Zaur Muradov, İvanovka bələdiyyəsinin sədri Oleq Radayev çıxış edərək Yeni Azərbaycan Partiyasının təsis olunmasından, həmçinin ümummilli lider Heydər Əliyevin iştirakı ilə Naxçıvanda keçirilən Yeni Azərbaycan Partiyasının təsis konfransından danışıblar. Ümummilli lider Heydər Əliyevin siyasi strategiyası və cənab prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu gün ölkəmizin çoxsaylı uğurlar qazanmasında Yeni Azərbaycan Partiyasının əvəzsiz rolu olduğunu qeyd ediblər.

YAP İsmayıllı Rayon Təşkilatı Gənclər Birliyinin sədri Qönçə Ağazadə, YAP İsmayıllı Rayon Təşkilatı Qadınlar Şurasının sədri Xuraman Qurbanova tədbirdə çıxış edərək partiyanın qadınların və gənclərin inkişafı, cəmiyyətdəki yeri və rolunun artırılması istiqamətindəki səylərindən danışıblar.

Partiya veteranı Valeh Salehov tədbirdəki çıxışında Ulu öndəri əsil xalq qəhrəmanı, xilaskar kimi xarakterizə edib. Deyib ki, sonrakı proseslərdə xalqın xilaskar rəhbərə bəslədiyi ümidlər tamamilə özünü doğruldub. 91 nəfər Azərbaycan ziyalısının müraciətinə Heydər Əliyevin verdiyi cavab Azərbaycanın taleyini müsbət istiqamətə yönəldib.

Tədbirdə yekun nitq söyləyən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov deyib ki, ümummilli lider Heydər Əliyev ideyalarının uğurla davam etdirilməsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəni dünya miqyasında söz sahibinə çevirib, ən yüksək inkişaf həddinə çatdırıb. Dünyada müxtəlif böhranların hökm sürməsinə baxmayaraq iqtisadiyyatımızın sürətli inkişafı, ictimai-siyasi sabitliyimizin davamlı olması dövlət başçısı cənab İlham Əliyevin daxili və xarici siyasətinin ən böyük uğurudur. Bu siyasətin davamı ölkəmizi daha işıqlı gələcəyə aparacaq və dünyadakı nüfuzunu daha da möhkəmləndirəcək. Xalqımız tərəfindən yaxın keçmişin unudulmadığını diqqətə çatdıran Mirdaməd Sadıqov qeyd edib ki, ümummilli lider Heydər Əliyev YAP-la birgə hakimiyyətə gəldikdən sonra bütün əvvəlki məhrumiyyətlərə son qoyuldu, ölkə əsl inkişaf və yüksəliş yolunu tutdu.

Tədbirin sonunda YAP sıralarına yeni üzv qəbul edilən bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib. YAP İsmayıllı rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə və partiyanın yaradılmasının 26 illiyi münasibətilə bir qrup partiya fəalı fəxri fərmanla təltif olunub.