Bu gün axşam saatlarında Xaçmaz rayonu ərazisində 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org azertac.az-a istinadən xəbər verir ki, hadisə Xaçmaz-Quba yolunun Armudpadar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı Şəki şəhər sakini Vüsal Əhmədzadənin idarə etdiyi 55 BV 829 nömrəli "AVİA-A-31 markalı yük avtomobili Quba rayon sakini Sərvər Aslanova məxsus 99 XT 653 nömrəli "Lada Priora markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində hər iki sürücü və avtomobillərdə olan daha üç sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri aldığından Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

İlkin tibbi yardımdan sonra yaralılardan ikisi evə buraxılıb. Xəsarətləri ciddi olan üç nəfər isə müalicəsini xəstəxanada davam etdirir. Faktla bağlı araşdırma aparılır.