MTN-dən ASALA-nın terror hədələrinə cavab

Son zamanlar erməni terror təşkilatı ASALA Azərbaycan diplomatlarını, xaricdə təhsil alan azərbaycanlı tələbləri hədələyir. Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ictimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayev bununla bağlı bununla bağlı bildirib ki, Azərbaycanın milli maraqlarına, mənafelərinə və təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı, adekvat tədbirlər həyata keçirilir. Əməliyyat şəraitinə nəzarət olunur.

Milli Təhlükəsizlik Nazirliyi ölkəmizə qarşı bütün mümkün təhlükə və təhdidləri diqqətlə izləyir, təhlil edir və lazımi preventiv fəaliyyət istiqamətləri üzrə tədbirlər həyata keçirilir. Bir məqamı da xüsusi vurğulamaq yerinə düşərdi. Sülhsevərliyi, tolerantlığı və humanistliyi ilə bütün dünyada tanınan Azərbaycan xalqı və dövləti uzun müddət özü terrordan əziyyət çəkib və daim terrora, onun bütün forma və təzahürlərinə qarşı qəti mübarizə aparır. Ölkəmiz hazırda beynəlxalq antiterror koalisiyasının da ən fəal üzvlərindəndir. Terror niyyətinə düşən, belə təhlükəli aksiyaları və ya aktları planlaşdıranlara xəbərdarlıq etmək istərdik ki, hər hansı düşünülməmiş, səhv addım, yaxud buna cəhd onlar üçün sonun başlanğıcı olar. Bir hədd anlayışı var. Kim bu həddi aşarsa, gecikmədən öz üzərində Azərbaycan xalqının böyük nifrətini və qəzəbini hiss edəcək.