Türkiyə Super Liqasında XIV turun mərkəzi görüşü "Beşiktaş" və "Qalatasaray" komandaları arasında keçirilib.

Unikal.org bildirir ki, "Wodafone Park"da təşkil olunmuş İstanbul derbisi meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Yeganə qolu 18-ci dəqiqədə penaltidən Adem Lyayiç vurub. Penalti epizodunda baş hakim Cüneyt Çakır VAR sisteminə müraciət edərək, Eren Derdiyokun əllə oynadığı qənaətinə gəlib. Lakin o, 44-cü dəqiqədə "Qalatasaray"ın penalti etirazından sonra epizodu VAR vasitəsilə izləyib və davam qərarı verib. 62-ci dəqiqədə isə "Beşiktaş"ın futbolçusu Rikardu Kuarejmanın qolu ofsayd səbəbi ilə sayılmayıb. 66-cı dəqiqədə Çakır "Qalatasaray" lehinə penalti təyin etsə də, yenə VAR vasitəsilə matçı izlədikdən sonra qərarını dəyişdirib.

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim cəzalı olduğu üçün oyunu tribunadan izləyib.

Bu qələbə sayəsində "Beşiktaş" xallarının sayını 24-ə çatdıraraq, 3-cü pilləyə yüksəlib. Eyni xala malik "Qalatasaray" isə 4-cü mövqeyə enib.