Nəsib Məhəməliyev Nəsiminin torpaqlarını qarış-qarış satır
Nəsib Məhəməliyev Nəsiminin torpaqlarını qarış-qarış satır

İcra başçısı "yuxarılar"da niyə danlandı?

Nəsimi rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev rayon ərazisindəki torpaqların satışını davam etdirir. Onun bu əməlləri haqqında dəfələrlə yazılsa və şikayət edilsə də, icra başçısı dayanmaq bilmir.

Məlumatlara görə, xüsusilə rayonun 3-cü mikrarayon dairəsi və Memar Əcəmi metrosu yaxınlığındakı, eləcə də 3-cü və 4-cü mikrarayonlardakı ərazilərdə torpaqların satılması daha geniş vüsət alıb. Daha bir maraqlı məqam ondan ibarətdir ki, icra başçısının torpaqları satmasında əsas rolu onun qardaşı Yusif Məhəməliyevin oynadığı bildirilir.
Bu yöndəki məlumatlar ondan ibarətdir ki, qardaşların iki əsas gəlir yeri var: bunlardan biri torpaqlar, digəri isə qızıl biznesidir. Nəsimi rayonunun bir neçə yerində onlara məxsus qızıl mağazalarının olmasına diqqət çəkilən iddialarda o da vurğulanır ki, həmin qızıllar Dubaydan gətirilir, buradan mağazalara paylanılır, mağazalardan isə xüsusi müştərilər vasitəsilə Dağıstana və Çeçenistana aparılır.
Məlumatlarda daha bir diqqətçəkən məqam isə ondan ibarətdir ki, Məhəməliyevin əməllərindən bir müddət əvvəl "yuxarılar"a çoxsaylı şikayətlər ünvanlanıb. Sonuncu dəfə bu ilin yayında Nəsimi rayonu, 4-cü mikrorayon 20 yanvar küçəsində yaşayan vətəndaşların şikayətində bildirilirdi ki, icra həmin mikrarayonda xeyli əraziləri iş adamlarına satıb. Məsələn,111 saylı orta məktəbə bitişik boş ərazi bu gün hasara alınıb. Sonradan məlum olub ki, həmin ərazi bir sahibkara satılıb və orada fərdi yaşayış binasının təməli qoyulub. Bundan başqa orada olan yaşıllıq məhv edilir. Mətbuatda da işıqlandırılan şikayətin müəllifləri qeyd edirdilər ki, həmin ərazini Nəsimi rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev sahibkara 150.000 manata satıb.
Həmin şikayətlər isə onunla yekunlaşıb ki, icra başçısı sonda Prezident Administrasiyasına çağrılıb və bütün bunlarla bağlı danlanıb. Hətta ona rayonda əhalinin və sahibkarların narazılığına səbəb olan addımların atılmaması yönündə xəbərdarlıq da edilib.
Amma həmin xəbərdarlığın da ciddi nəticə vermədiyi göz önündədir; belə ki, Nəsimi rayon ərazisində həm torpaqların satılması, həm də ümumilikdə vətəndaşların sosial problemlərinə həssas, diqqətli yanaşılmaması problemi əvvəlki kimi qalır.
Məsələn, bir həftə əvvəl məlum olub ki, Nəsimi rayon, Bülbül prospekti 50 ünvanında yerləşən üç mərtəbəli binanı sökürlər. Araşdırmalar nəticəsində aydınlaşıb ki, həmin ərazini "RTZ" MMC alıb. Şirkət mövcd olan binaların yerində isə 18 mərtəbəli bina tikəcəklər. Burada narazılıq doğuran məqam isə icra hakimiyyətinin razılığı ilə bu işə başlayan şirkətin mənzillərindən çıxarılan sakinləri ədalətli kompensasiya ilə təmin etməməsi idi.
Bütün bunların əvəzində isə icra başçısının gəlir qaynaqları artmağa davam edir. Belə ki, Nəsib Məhəməliyevin rayon ərazisindəki bir neçə mikrarayonda ikimərtəbəli binalar inşa etdiyi bildirilir. "Həmin binalar ofislər üçün nəzərdə tutulub və kifayət qədər yüksək məbləğə icarəyə verilir" deyə məlumatlarda bildirilir.
Hesab olunur ki, Prezident Administrasiyası tərəfindən tənbeh edilməsinə rəğmən Nəsimi rayonunda ənənəvi problemlərin qalması icra başçısına baha başa gələ bilər. Belə ki, mətbuatda Nəsib Məhəməliyevin ünvanına tənqidlərin davamlılığı və rayon sakinlərinin narazılıqlarla dolu şikayətlərinin intensivliyi başçının tənbehdən nəticə çıxarmadığı görüntüsü yaratmaqla mümkündür ki, onun növbəti dəfə daha sərt cəzalandırılmasına yol açsın.

Seymur Quliyev