Azərbaycan Dillər Universitetində (ADU) Təhsil fakültəsinin təşkilatçılığı ilə "Xarici dillərin tədrisinin aktual problemləri adlı Respublika elmi-praktik konfransı keçirilib.

Unikal.org xəbər verir ki, konfransı giriş sözü ilə açan Tədris işləri üzrə prorektor professor Əfqan Abdullayev ölkədə təhsilə və elmə göstərilən qayğının günü-gündən artdığını bildirib. ADU-da görülən işlərdən danışan Ə.Abdullayev universitetdə keçirilən tədbirlərdən söz açıb. O, elm və tədrisin bir araya gəlməsi istiqamətində düzgün addımların atıldığını söyləyib. Ə.Abdullayev konfransın təşkilat komitəsinə 158 adda tezis daxil olduğunu, bu tezislərin respublikanın 12 universitetinin və elmi təşkilatların payına düşdüyünü diqqətə çatdırıb.

Konfransın işi haqqında Təhsil fakültəsinin dekanı professor Fikrət Cahangirov məlumat verib. O, konfransın ilk dəfə ADU-da fakültə tərəfindən təşkil olunduğunu söyləyib və rəhbərliyə göstərdiyi etimada görə təşəkkürünü bildirib. F.Cahangirov konfransın Azərbaycan dövlətinin həyata keçirdiyi təhsil konsepsiyasının mühüm tərkib hissələrindən biri olduğunu deyib. O, 2019-2023-cü illərdə üçün Aərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət proqramının təsdiq edilməsi haqqında Prezidentin 16 noyabr 2018-ci il tarixli sərəncamından söz açıb. F.Cahangirov əlavə edib ki, bu sərəncamdan irəli gələn vəzifələrin həyata keçirilməsində xarici dillərin rolu əvəzedilməzdir. F.Cahagirov bildirib ki, qlobballaşan dünyada Azərbaycan təhsilinin dünya təhsil və elm məkanın inteqrasiyası, elmi əməkdaşlıq və eləcə də ikili diplom proqramları xarici dillərin öyrənilməsini daha da aktuallaşdırıb. Dekan F.Cahangirov ADU-nun bir sıra xarici universitetlərlə həyata keçirilən proqram və layihələrdən də bəhs edib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin İngilis dili və onun tədrisi metodikası kafedrasının müdiri professor Nailə Sadıqova, Azərbaycan Dövlət İqtisad Universitetinin Xarici dillər kafedrasının müdiri professor Afət Abbasova, Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun Hind-Avropa dilləri şöbəsinin baş elmi işçisi professor İlham Tahirov, Bakı Dövlət Universitetini İngilis dili kafedrasının müdiri dosent Abbas Abbasov, Azərbaycan Dövlət Texniki Universitetinin Xarici dillər kafedrasının müdiri dosent Yusif Süleymanov, Polis Akademiyasının Dil hazırlığı kafedrasının müəllimi, polis-leytenantı Rüfət Nuriyev tərəqqi yolunda olan Azərbaycanda xarici dillərin tədrisinin əhəmiyyətindən, onun tədrisinin gənclər üçün böyük yollar açmasında söz açıblar. Çıxışçılar ADU-nun xarici dillərin tədrisi istiqamətində verdiyi töhfələrdən, həmçinin xarici ölkələrlə əlaqələrin qurulması nöqteyi-nəzərdən əvəzedilməz müəssisə olmasından danışıblar.

Daha sonra ADU-nun İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti Məlahət Vəliyeva "Azərbaycan-ingilis bilinqvizminin pedaqoji aspekti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Xəyalə Həmidova "İngilis dilinin tədrisində təktərkibli cümlələrin yaratdığı problemlərin aradan qaldırılması haqqında mövzusunda məruzələri ilə çıxış ediblər.

Növbəti gün konfransın yekun iclasında Təhsil fakültəsinin dekanı professor Fikrət Cahangirov, rektor məsləhətçisi Anar Osmanlı konfransın yüksək səviyyədə öz işini başa vurduğunu söyləyib və təşkilati işlərdə əməyi keçən hər kəsə təşəkkürlərini bildiriblər.

Sonra bölmə rəhbərlərinin bölmə iclasları haqqında hesabatları dinlənilib.

Qeyd edək ki, 06-07 dekabr 2018-ci il tarixlərini əhatə edən konfrans beş bölmə iclası üzrə öz işini davam etdirib. Bölmə iclaslarında Müasir dövrdə xarici dil təliminin problem və perspektivləri, Xarici dillərin tədrisində İKT və innovativ metodlar, Xarici dillərin tədrisində linqvokulturoloji amillər, Xarici dillərin tədrisinin pedaqoji və psixoloji aspektləri mövzuları müzakirə olunub. Konfransda məruzələr üç dildə - Azərbaycan, rus və ingilis dillərində təqdim olunub.