OPEC və OPEC+ üzrə neft hasilatı gələn il yanvarın 1-dən qüvvədə olmaqla 6 aylıq müddətə azaldılıb.

Unikal.org xəbər verir ki, bu barədə OPEC məlumat yayıb. Bildirilir ki, dekabrın 6-da Vyanada işə başlayan OPEC Nazirlər Şurasının 175-ci iclasında, həmçinin bu gün keçirilən OPEC və qeyri-OPEC nazirlərinin (OPEC+) V görüşündə OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsi (JMMC), Müştərək Texniki Komissiyasının (JTC), həmçinin OPEC-in İqtisadi Komissiyanın hazırladığı hesabat və tövsiyələri nəzərdən keçirilib. Eləcə də iyunun 22-də keçirilən OPEC Nazirlər Şurasının 174-cü iclasından ötən dövr ərzində neft bazarında baş verən proseslər müzakirə olunub.

Müzakirələrin sonunda 2019-cu il yanvarın 1-dən etibarən OPEC və OPEC+ üzrə neft hasilatının sutkada 1,2 milyon barrel azaldılması barədə qərar qəbul olunub. Bu həcmin sutkalıq 800 min barrelini azaltmağı OPEC, gündəlik 400 min barrelini azaltmağı isə OPEC+ ölkələri öz üzərinə götürüb. Neft istehsalı 6 aylıq müddətə azaldılıb, bu qərar gələn ilin aprelində yenidən nəzərdən keçiriləcək.

OPEC və qeyri-OPEC nazirlərinin növbəti görüşü isə 2019-cu ilin aprelində Vyanada keçiriləcək.