Jirinovskidən azərbaycanlılara qarşı terror çağırışı
Jirinovskidən azərbaycanlılara qarşı terror çağırışı

"Ermənistan xüsusi xidmət orqanları bu məsələnin cavabını
verməlidirlər ki, azərbaycanlılar bir daha belə iş görməsinlər"

"Rusiya hərbi yardım edərək Ermənistan ordusunu Yaxın Şərqin ən güclü ordusuna çevirməlidir". Bu fikirləri Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski erməni diasporunun dünən Moskvanın "Krasnopresenskaya zastava" meydanında keçirdiyi mitinqdə çıxışı zamanı söyləyib.

O, Rusiya hökumətinin Ermənistana ayırdığı yardımların azlığından şikayətlənib: "Bu gün Rusiya Ermənistanı hər şeylə təmin etməlidir. Ermənilər bizim qardaşlarımızdırlar. Qafqazın xilas yolu güclü Rusiya-Ermənistan hərbi ittifaqının yaradılmasındadır. Rusiya Ermənistanı bütün istehsal etdiyi müasir silahlarla təmin etməlidir. S-300, S-400 raketləri və digər güclü silahlar təmənnasız olaraq Ermənistan ordusuna verilməlidir. Rusiya Ermənistanı Qafqazın liderinə çevirməlidir. Rusiya Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımalıdır. Artıq Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində yekun söz demək vaxtı gəlib çatıb. Rusiya öz dəstəyini Ermənistana verməlidir ".
Vladimir Jirinovski Gürcüstanın ərazi bütövlüyünü də hədələyib. O, Cavaxetiya ermənilərini torpaqlarının azadlığı uğrunda mübarizə aparmağa çağırıb: "Cavaxetiyadakı ermənilər də öz torpaqları uğrunda mübarizə aparmalıdırlar".
Hər zaman ermənipərəst çıxışları ilə yadda qalan Jirinovski bu dəfə Ermənistan xüsusi xidmət orqanlarından Ramil Səfərovun ekstradisiyası və azadlığa buraxılmasına cavab tələb edib: "Mən erməni xalqına səslənirəm. Mitinqlər keçirərək bu işi həll etmək olmaz. Erməni zabitini öldürəni azadlığa buraxanlara cavab vermək lazımdır. Ermənistan xüsusi xidmət orqanları bunun cavabını verməlidirlər ki, azərbaycanlılar bir daha belə iş görməsinlər".
Jirinovski dünyadakı və Rusiyadakı erməni diasporuna Liberal Demokrat Partiyasına göstərdiyi köməyə görə təşəkkürünü bildirib: "Erməni diasporu hər zaman Rusiyanın yanında olub. İndi siz həm "Yedinaya Rossiya"ya, həm də Liberal-Demokrat Partiyasına dəstək verirsiniz. Biz bu dəstəyə görə sizə təşəkkürümüzü bildiririk".