Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş dəyirmi masa keçirildi.
Unikal.org xəbər verir ki,  öncə tədbir iştirakçıları Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsini ziyarət edərək önünə tər çiçək dəstələri düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər. 
Yığıncaqda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov,  Millət vəkili, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, digər qonaqlar və rayon ictimaiyyəti iştirak edirdi.
Tədbirdə ilk öncə Ulu Öndərin zəngin həyatını əks etdirən qısametrajlı film nümayiş olundu.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsiplərinin Heydər Əliyev tərəfindən yaradıldığını qeyd etdi. Bildirdi ki, Ulu Öndər Heydər Əliyev özünün titanik fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin əldə olunmasında, həmçinin, Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərib. Məhz buna görə də, xalqımız Ümummilli Lider Heydər Əliyevi müasir müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu adlandırıb. Ümummilli Lider Heydər Əliyevin müdrikcəsinə söylədiyi "Azərbaycan dünyaya günəş kimi doğacaq" fikrini xatırladaraq Ulu Öndərin layiqli davamçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sayəsində bunun artıq reallıq olduğunu vurğuladı.
Başçı Ulu Öndərin göstərdiyi misilsiz xidmətlərindən söz açaraq, parlaq şəxsiyyətin fəaliyyətini araşdırdıqda Vətənini hədsiz dərəcədə sevən bir insanın ölkəsinin tarixinə, xalqına son dərəcə böyük sevgi və hörmətlə yanaşmasını heyrətamiz hiss kimi səciyyələndirdi.
O, Ulu Öndərin Milli Mətbuatımıza göstərdiyi  diqqət və qayğıdan danışdı, MDB məkanında ilk olaraq senzuranın məhz onun təşəbbüsü ilə götürüldüyünü qeyd etdi.  Bildirdi ki, müasir Azərbaycanın mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik missiyasını öz üzərinə götürən Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirməklə, nəinki xalqımızın ən parlaq siması, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoymuşdur.
Millət vəkili, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov çıxışında Ulu Öndərin dövlətçilik səriştəsi və bacarığı ilə qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxardığını, ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırdığını vurğuladı və ölkəmizin əldə etdiyi nailiyyətləri diqqətə çatdırdı. 
Millət vəkili, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Heydər Əliyevin ən böyük xidmətlərindən birini YAP-ın yaradılması olduğunu da geniş şərh etdi.
Natiq sonra qeyd etdi ki, bu gün ölkəmiz, Azərbaycan Prezidenti cənab İlham Əliyevin yorulmaz və qətiyyətli fəaliyyəti nəticəsində, dünyanın sayılan-seçilən ən güclü və qüdrətli dövlətlərindən birinə çevrilmişdir.
Yekun nitqində rayon İcra hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Ulu Öndər Heydər Əliyev Azərbaycanın yeni tarixini yazıb, yaratdığını və bu tarixin bu gündə yaşadığını bildirdi. Qeyd etdi ki, dahi şəxsiyyət ictimai-siyasi həyatın bütün sahələrini fəth etmişdir. Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyini öz fəaliyyəti ilə diktə edən nadir şəxsiyyətlərdən biri idi. Heydər Əliyev məhz güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimidir. Onun ən böyük gücü dərin, həm də universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, ən böyük siyasətçi keyfiyyətlərində, mahir diplomat və həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi.
Sonda rayon icra hakimiyyətinin başçısı  Süleyman Mikayılov qonaqlara və tədbir iştirakçılarına təşəkkürünü bildirərək, yığıncağı yekunlaşdırdı.