Prezident Azərbaycanın yəhudi icmasını təbrik edib
Prezident Azərbaycanın yəhudi icmasını təbrik edib
Dövlət başçısı Bakıda bir neçə yeni tikilinin açılışında da iştirak edib

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına təbrik ünvanlayıb. Təbrikdə deyilir: "Hörmətli həmvətənlər! Sizi yəhudi xalqının yeni il bayramı - Roş-Ha-Şana münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm.
Çoxmillətli və çoxkonfessiyalı Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olan yəhudi vətəndaşlarımız yüz illərdir ki, ölkəmizdə əmin-amanlıq, dostluq və qardaşlıq münasibətləri şəraitində yaşayır, öz dil və mədəniyyətini, adət-ənənələrini qoruyub saxlamaqla Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, hazırda ölkəmizdə gedən böyük tərəqqi və inkişaf prosesində, azad vətəndaş cəmiyyəti quruculuğunda, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında yəhudi icmasının özünəməxsus rolu vardır.
Əziz dostlar!
Hər il təntənə ilə bayram etdiyiniz Roş-Ha-Şana özündə yeniliyi, mənəvi saflığı və həmrəyliyi təcəssüm etdirir. Bu əziz gün münasibətilə bir daha hər birinizə bayram təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram. Bayramınız mübarək olsun!"
Prezident İlham Əliyev dünən həmçinin Bakının Nizami rayonunun ərazisindəki Heydər Əliyev parkının yenidənqurmadan sonra açılışında iştirak edib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da mərasimdə iştirak edib. Dövlət başçısı parkın rəmzi açılışını bildirən lenti kəsib, parkda yaradılan şəraitlə tanış olub.
Həmçinin Prezident İlham Əliyev Bakıda "8 KM" stadionunun açılışında iştirak edib. Açılış mərasimində Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər. Dövlət başçısı stadionun rəmzi açılışını bildirən lenti kəsib.