"Ölkə prezidentinin yeni yaşıllıqların salınması və artırılması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq ağac əkilməsinin təşviqi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” devizi ilə başlanan payız ağacəkmə aksiyaları çərçivəsində Nazirliyin əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Respublika ərazisində müxtəlif cinsli ağaclar əkilib. Aksiyalar bu gün də davam edir".

Unikal.org xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova nazirlikdə keçirilən mətbuat konfransında deyib.

İ.İbrahimovanın sözlərinə görə, sabah, 15 dekabr tarixində saat 11-də jurnalistlərin təşəbbüsü ilə jurnalistlər binasının ətrafında Nazirliyin əməkdaşları ilə birgə ağacəkmə aksiyası keçiriləcək və ərazidə müxtəlif cinsli ağaclar əkiləcək: "Sevindirici haldır ki, “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” devizi ilə başladığımız kampaniya hər kəs tərəfindən dəstəklənir və artıq kütləvi hal alıb. Ölkənin bütün regionlarında ictimaiyyət bu kampaniyaya qoşulub.
 Payız ağacəkmə kampaniyası çərçivəsində Nazirliyin təşəbbüsü ilə Bakı şəhərində  yaşıllıqların artırılması, onun estetik görünüşünün daha da gözəlləşdirilməsi, qurumuş ağacların yerinə yenisinin əkilməsi məqsədilə rayon icra hakimiyyətləri ilə birgə aksiyalar da keçirilir. 21 noyabrdan başlanan aksiyalar zamanı Bakının küçə və prospektlərində 140-dan çox qurumuş və təhlükə yaradan ağac yenisi ilə əvəzlənib və qurumuş ağacların ətrafındakı boş sahələrə ümumilikdə  2000-dən çox müxtəlif cinsli ağac əkilib.
Aksiyalarda fəal iştirak edən hər kəsə, ictimaiyyət nümayəndələrinə, rayon icra hakimiyyətlərinin əməkdaşlarına təşəkkürümüzü bildiririk. Vətəndaşlardan xahiş edirik ki, qurumuş və təhlükəli ağaclar barədə Nazirliyin 24 saat fəaliyyət göstərən 168 nömrəli “Qaynar xətt”inə məlumat versinlər".