Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Goranboy Rayon Baytarlıq İdarəsi tərəfindən rayon ərazisində mövcud epizootik sabitliyin qorunması və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərlə əlaqədar mal-qara, davar və quşlar yetişdirilən və saxlanılan binaların dezinfeksiyası, dezinseksiyası davam etdirilir. Qışlamaya hazırlıq ilə əlaqədar olaraq Qızılhacılı kəndində yerləşən “Çənlibel” kəndli fermer təsərrüfatında 2220 kvadratmetr, Qaramusalı kəndində yerləşən Afiq Məmmədova məxsus maldarlıq təsərrüfatında 1130 kvadratmetr, Borsunlu kəndində yerləşən İsgəndərov Elçin İsmayıl oğluna məxsus qoyunçuluq fermasında 1740 kvadratmetr ərazidə dezinfeksiya və dezinseksiya işləri həyata keçirilib

Dövlət Baytarlıq Xidmətindən Unikal.org-a bildiriblər ki, dezinfeksiya və dezinseksiya işlərinin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, cari ilin müvafiq dövründə Goranboy rayonunda 38220 kvadratmetr ərazidə dezinfeksiya, 39030 kvadratmetr ərazidə dezinseksiya tədbirləri aparılıb.

“Epizootiya əleyhinə diaqnostika və profilaktik tədbirlər planı”na uyğun olaraq, rayon ərazisində saxlanan heyvanlar və quşlar arasında profilaktik peyvəndləmə tədbirləri və diaqnostik müayinələr icra edilib.

Goranboy Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri tərəfindən bu dövrdə həssas heyvanlar arasında brusellyoz xəstəliyini aşkarlamaq, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə 10013 baş iribuynuzlu və 4855 baş xırdabuynuzlu heyvandan (qoçlardan) qan nümunələri alınaraq müayinə edilib. Eləcə də 4092 baş iribuynuzlu heyvanda vərəmə (allergik), 4855 baş qoçda infeksion epidedimitə (seroloji) və 692 baş atda manqo xəstəliyinə görə (maleinizasiya) müayinələri aparılıb və yoluxma aşkarlanmayıb.

Həmçinin cari ilin ötən dövründə 42095 baş iribuynuzlu, 233468 baş xırdabuynuzlu, 7497 baş cavan iribuynuzlu, 2125 baş təkdırnaqlı heyvanda qarayara, 72360 baş iribuynuzlu heyvanda, 154535 baş xırdabuynuzlu heyvanda dabaq, 41287 baş iribuynuzlu heyvanda infeksion nodulyar dermatit, 3142 baş iribuynuzlu heyvanda leptospiroz, 176474 baş xırdabuynuzlu heyvanda çiçək, 41987 baş xırdabuynuzlu heyvanda (“Rev-1”vaksini), 6469 baş iribuynuzlu heyvanda (“Ştamm-19” vaksini) bruselyoz, 4998 baş itdə quduzluq, ev quşları arasında nyukasl xəstəliyinə qarşı 479163 başda “La-sota” vaksini, 481893 başda “H” vaksini ilə profilaktiki peyvəndləmə tədbirləri aparılıb.

Hazırda Goranboy Rayon Baytarlıq İdarəsində 2019-cu ildə heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılacaq profilaktik peyvəndləmə və diaqnostik müayinələrin səmərəliliyini təmin etmək məqsədilə hazırlıq işlərinə start verilib.