Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz E 220" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Gömrük Komitəsindən Unikal.org-a daxil olan məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin sağ və sol karnizlərinin üzərindən “Thunder King” yazısı olan 1080 ədəd pirotexniki vasitə və “Milano” markalı 2000 ədəd siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.