Onun bərəkətli torpaqlarından ulu keçmişin, bu günün və işıqlı gələcəyin qoxusu duyulur

De, yolun düşdümü Muğan düzünə?

Piyada gəzdinmi çölləri sən də?

Söz qoşub ceyranın qara gözünə,

Dincini aldınmı bir göy çəməndə

Yazımıza ölməz şairimiz Səməd Vurğunun məşhur «Muğan» poemasından seçdiyimiz yuxarıdakı misralarla başlamağımız təsadüfi deyil. Çünki Muğan yalnız bir yorğun yolçunun dincini alacağı yer deyil. Muğan həm də ruhumuzun, tarixi kimliyimizin dincəldiyi vətən torpağıdır. Ömrümüzdən sel kimi axıb gedən zaman sanki bu torpaqlarda ayaq saxlayır, nəfəsini dərir, beləcə, gələcəyə doğru daha inamlı, daha sağlam addımlamaq üçün insana ruh, ilham və qüvvət verir.

 

Sirlərlə dolu Muğan

 

Araşdırıcıların bir qismi belə hesab edir ki, Muğan toponimi maqların adını əks etdirir. Onların yazdıqlarına görə, maqlar - mannalar türk dilli etnos kimi Azərbaycan türklərinin etnogenezində böyük rol oynamışlar.

Görkəmli alim Q.A.Qeybullayevin yazdığına görə, "Azərbaycanda qəbilə birliklərinin mənşəyi öyrənilməyib. Onların bəziləri Kəngərli, Kəbirli, Qaraqoyunlu və qədim türk qəbilələrinə gedib çıxır, bəziləri (Qazaxlı, Qaradolaq, Qaradonlu, Muğanlı və b.) digər türkdilli ölkələrdə paralellərə malik deyil". (Azərbaycan toponimikası", Bakı, 1986, səh. 68)

Bəzi mənbələrə görə isə XIII-XIV əsrlərdə - Qazan xanın dövründə yeni şəhərlər (məsələn: Mahmudabad və Muğan) inşa edilib. Amma bir sıra qaynaqlar Muğan şəhərinin daha qədimdən mövcud olduğunu söyləyir. Məsələn, 1993-cü ildə çap edilmiş "Azərbaycan tarixi" kitabında yazıldığına görə, Azərbaycanın ərəblər tərəfindən işğalı haqqında məlumat verən mənbələr o dövr üçün Ərdəbil, Muğan, Naxçıvan, Bərdə... və b. şəhərlərin adlarını çəkir" (səh.133

Bir sözlə, Muğan Azərbaycanda tarixi şəhər olmuşdur. Orta əsr ərəb müəlliflərinin (Müqəddəsi, İbn- Xordad-beh, Həməvi Yəqub və b.) məlumatına görə bağlarla əhatə olunmuş Muğan Xəzər dənizi sahilində iki çay arasında - Ərdəbildən 2 günlük məsafədə yerləşirdi. Muğanın maqlarla əlaqəsi isə kifayət qədər ziddiyyətlərlə müşaiyət olunur. Bəziləri hesab edir ki, bu sadəcə, ehtimaldır, çünki maqların Muğanda yaşamasına dair konkret dəlillər yoxdur. Bəzi qaynaqlar isə bildirirlər ki, ərəb işğallarına qədər Muğanda yerli türklərin qədim dini əqidələriniyaşadanlar məhz maqlar (muğlar) idilər. Onlar həmçinin xüsusi növ üzümdən haoma adlı şirə və şərbət hazırlayırdılar.Tanınmış dilçi alim, filologiya elmləri doktoru, professor Qara Məşədiyevin fikrincə isə, Muğan "Muğal" sözünün birinci komponenti "Muğ", əslində "mağ"dan əmələ gəlmiş, mənası isə şöhrət, fəxr bildirən qədim türk sözüdür. O, daha sonra belə davam edir: "Qədim yazılarda Midiya dövrünə aid üç sözə rast gəlirik ki, bu sözlər heç bir dəyişikliyə uğramadan bu gün də işlədilir: Muğan, Alban, Udin, ("Zaqafqaziyada Azərbaycan toponimləri", 1990, səh. 57

Ümumiyyətlə isə Muğan toponiminə hələ 1800 il əvvələ aid ərəb qaynaqlarında rastlaşmaq olar. Bu gün isə Azərbaycanda Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur.Muğanda xüsusilə qədim arx izlərinə tez-tez rast gəlmək olar. Onların bir çoxu Muğanın bəzi yerlərində (Sabirabad və Saatlı bölgəsində) qorunub saxlanılıb. Həmin nəhəng suvarma sistemləri Govurarx adlandırılır. Həyati əhəmiyyətə malik olan suvarma arxları vaxtilə tez tez dağıdılırdı. Çingiz xanın hərbi qüvvələri XIII əsrin əvvələrində Mingixanın başçılığı altında Muğana hücum edərkən suvarma sistemlərini də dağıtmışdı. 1368-cı ildə Teymur dağılmış sistemi bərpa etdirmişdi.Məşhur azərbaycanlı səyyah, coğrafiyaçı, tarixçi, etnoqraf və şair Hacı Zeynalabdin Şirvani hələ 200 il öncə Muğan barədə belə yazır: "Muğan məşhur bir vilayətdir. Qədim şəhərləri və böyük nahiyələri vardır. Beşinci iqlimdən hesab olunur. Ab-havası xoş və gözəldir. Şimaldan onun sərhədi Şirvandır. Cənubdan Cənubi Azərbaycanla, şərq tərəfdən Talış, qərbdən Gürcüstanla sərhədlənir. Zəhərli otları çoxdur. Mal-qaranı onun zəhəri öldürür. Baharda otların zəhəri azalır. Deyirlər oranı Muğan adlı bir adam bina etmişdir. Bəziləri isə deyirlər ki, oranı müğlər və möbüdlər abad eləmişlər. Uzaqdan gələn adamlarla mehribandırlar. Qızılbaş tayfasından şahsevənlər o ölkədə çoxdur."

Bir sözlə, Muğan torpağının hər qarışından qədim tariximizin nəfəsini hiss etmək, ayaq izlərini eşitmək olar. Bu sirli-sehirli tarixi daha dərindən, ətraflı şəkildə araşdırmaq, qaranlıq mətləblərə baş vurmaq vacibdir. Ümid edək ki, gələcəkdə istər Muğan toponimi, istərsə də Muğanın ulu keçmişi ilə bağlı çoxsaylı suallar öz cavabını tapacaqdır.

 

Postneft dövrünün Muğanı…

 

Muğanın bərəkətli torpaqları hələ yüz illər bundan əvvəl əkinçiliyin inkişafı üçün münbit şərait yaratmışdı. Bu bölgənin insanları keçmişdən bəri öz zəhmətkeşliyi, əməksevərliyi ilə tanınırdı. İndi isə ən önəmlisi odur ki, bu gün də həmin bölgə ölkə iqtisadiyyatının inkişafına misilsiz töhvələr verə bilər.

Unutmaq lazım deyil ki, son illər neftin qiymətinin kəskin ucuzlaşması yeni iqtisadi şərait yaradıb. Qarşıda duran başlıca hədəf iqtisadiyyatımızın «qara qızıl»dan asılılığını minimuma endirmək, ölkədə yeni istehsal sahələri yaratmaq, xüsusilə kənd təsərrüfatı sektorunu canlandırmaqdır. Bu isə Muğan düzünün əhəmiyyətini bir daha gözlər önünə sərir. Bəli, biz hazırda faktiki olaraq, postneft dövrünə qədəm qoymuşuq və belə bir vaxtda Muğanın təbii resurslarından - münbit torpaqlarından, əlverişli iqlimindən yararlanmaq qaçılmazdır. Xüsusilə həm hasilatı əhəmiyyətli şəkildə azalan, həm də qiyməti kəskin ucuzlaşan «qara qızıl»a alternativ olaraq, ölkədə «ağ qızıl»ın istehsalını artırmaq prioritet məsələyə çevrilir. Təsadüfi deyil ki, bu ilin yanvarında "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfransda çıxışında ölkə başçısı İlham Əliyev pambıqçılığın inkişafının mühümlüyündən danışıb: "Biz pambıqçılıqla daha geniş məşğul olmalıyıq. Pambıqçılıq həm çoxlu sayda iş yeri, həm də valyuta gətirən məhsul deməkdir. Pambığı yığan insanlara verilən pul artırılmalıdır. Mənə verilən məlumata görə, 1 kq pambığı yığanlara 42 qəpik verilir. Bu, azdır, qiymət əhəmiyyətli dərəcədə qaldırılmalıdır". Nəzərə alsaq ki, Azərbaycanda vaxtilə pambıqçılıq sahəsinin əsas inkişaf ünvanı Muğan düzü olub, o zaman yeni iqtisadi şəraitdə də bu bölgənin oynaya biləcəyi müstəsna rol unudulmamalı, Muğan yenidən «ağ qızıl» tarlalarına bürünməlidir

İqtisadçıların hesablamalarına görə, Azərbaycanda hər hektardan orta hesabla 2 tona yaxın pambıq götürmək mümkündür. Dünyanın əksər ölkələrində isə bu göstərici 1 tona yaxındır. Bu da onu göstərir ki, Azərbaycanda «qara qızıl» dönəminin tədricən «ağ qızıl» dönəminə keçidi ölkəmizin qarşısında yeni və geniş iqtisadi üfüqlər aça bilər.

 

 

Muğan düzü bizi kimlərlə yarışdıra bilər?

 

Qeyd etmək lazımdır ki, bu gün dünyanın ən inkişaf etmiş ölkələri, eləcə də inkişaf etməkdə olan ölkələri pambıq istehsalına xüsusi diqqət ayırır. ABŞ, İsrail, Türkiyə, Çin, Hindistan kimi ölkələr bu sahədən kifayət qədər böyük gəlir əldə edir.Hətta vaxtilə - Sovet hakimiyyəti illərində bizim yarışdığımız Özbəkistan artıq pambıqçılıq sahəsində xeyli inkişafa nail olmağı bacarıb və istehsalı əhəmiyyətli şəkildə yüksəldərək 3,5 milyon tona çatdırıb. Artıq dünya pambıq istehsalının 15 faizi Özbəkistanın payına düşür. Bu isə paralel olaraq Özbəkistanda toxuculuq sənayesinin də inkişafına mühüm təkan verib. Belə ki, 30 transmilli xarici şirkətin dəvətilə istehsal edilən pambığın artıq 70%-ə qədəri Özbəkistanın öz ərazisində parçaya və toxuculuq məhsullarına çevrilir.Beləliklə də dünya toxuculuq məhsulları bazarında Özbəkistan artıq Çin və Türkiyənin yeni bir rəqibinə çevrilib.Muğan düzünün bizə verdiyi imkanlardan düzgün yararlana bilsək, Azərbaycanda da qısa vaxtda pambıqçılığa yeni can, yenri nəfəs vermək, ölkədə bu sahənin real inkişafına şahid olmaq, ən əsası isə Azərbaycanı nəinki yenidən Özbəkistanın, hətta Çin, Türkiyə kimi kimi ölkələrin rəqibinə çevirmək mümkündür. Əminliklə demək olar ki, buna nail olmaq üçün Muğan düzünün həm təbii imkanları, həm də insan resursları kifayət qədər böyükdür. Üstəlik, suvarma sarıdan heç bir probleminin olmaması da bu bölgədə aqrar sahənin, xüsusilə də pambıqçılığın yeni inkişaf mərhələsinə qədəm qoyması üçün münbit zəmin deməkdir. Sadaladığımız imkanlardan faydalanmaqla bir yandan ölkəmiz kifayət qədər böyük maddi qazanc əldə edə, o biri yandan isə respublikamızda minlərlə yeni iş yeri yaradıla bilər.Təbii ki, Muğan düzününün qeyri-neft sektorunun inkişafına verə biləcəyi töhfələr yalnız pambıqçılıqla yekunlaşmır. Bu zona həmçinin buğda, arpa, çovdar, qarabaşaq kimi dənli taxıl bitkilərinin yetişdirilməsi və bol məhsul götürülməsi üçün də kifayət qədər münbitdir. Unutmamaq lazımdır ki, bu bölgə ümumilikdə əkinçilik və heyvandarlıqla bağlı qədim ənənələrə, zəngin təcrübəyə malikdir. Bu isə Muğanın Azərbaycanın iqtisadi qüdrətinin artırılmasındakı əvəzsiz rolunu daha da artıracaq əlamətdar faktdır.Həmçinin Muğan xalçalarının əvvəlki şöhrətini özünə qaytarmaq üçün də görülməli çox iş var. Bu işlər görülərsə, Muğanın ölkə iqtisadiyyatında çəkisi, payı bir qədər də yüksəlməklə bərabər, yerli əhalinin məşğulluq probleminin həlli istiqamətində də önəmli addım atılmış olar.

 

Və sonda:

 

Bir sözə, qədim tariximizin, min illər əvvələ dayanan ulu mədəniyyətimizin beşiklərindən olan Muğan düzü, həm də müstəqil Azərbaycan Respublikasının bugünki və gələcək firavan həyatında önəmli rol oynamaq qüdrətinə malikdir. Onu keçmiş, indiki və gələcək zamanın qovşağına çevirmək imkanı öz əlimizdədir. Gəlin bu fürsəti boşa verməyək!

Hüseyn İsgəndərov

Azərbaycan Mətbuat Şurasının və Saatlı Rayon İvra Hakimiyyətinin "Muğanımız - tariximiz, sərvətimiz" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur