Heydər Babayev Ramiz Həsənova "atəş" açdı
Heydər Babayev Ramiz Həsənova "atəş" açdı
Sabiq nazirin adamları komitə sədrinin cavabını verdi

"Çudo Peçka" ətrafında qalmaqal səngimir. Tam əksinə, daha da alovlanır. Xatırladaq ki, bir neçə gündür ölkə əhalisi fast-food - qənnadı sektorunda ad qazanan "Çudo Peçka" MMC-nin sexlərində aşkarlanan faktları danışır. Belə ki, Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti MMC-də kulinar məhsulların və unlu-qənnadı məmulatların istehsal şəraiti ilə bağlı yoxlamalar aparıb. Məlum olub ki, "Çudo Peçka" MMC-də tort məhsullarının qablaşdırılmasında sanitar normalar pozulur, tozlu qablaşdırma materiallarından istifadə edilir. Hətta məhsulların içərisindən qurd tapıldığı da açıqlandı.
Məsələ ilə bağlı indiyədək "Çudo Peçka" MMC susurdu. Dünənsə "Çudo Peçka"-nın "Facebook"dakı rəsmi səhifəsində şirkətin mövqeyi açıqlanıb. Açıqlamada bildirilir: "Ötən həftə mediada barəmizdə yazılan neqativ yazı və göstərilən fotolar barədə sizlərə izahat verməyi özümüzə borc bildik. Onu bildirək ki, yazılan məlumatlar və göstərilən fotolar həqiqəti təhrif edir. Belə ki, o yazı və fotolar "Çudo Peçka"ya Standartlaşdırma Komitəsi tərəfindən heç bir şifahi və ya yazılı bildiriş olmadan yayımlanıb. Yəni, bizim özümüzə belə bir halın yaşandığı barədə onlar tərəfindən rəsmi məlumat verilməyib. Ona görə də, deyilənlərə rəsmi cavab vermək üçün Komitə tərəfindən rəsmi sənəd gözləyirik.
Digər tərəfdən, orada fotolarda ətlə bağlı xoşagəlməz görüntülər də dəqiq deyil. Hər gün "Çudo Peçka"ya ət gəlir komissiya üzvləri o əti yoxlamadan keçirərək ya qəbul edir, ya da geri göndərir. Həmin ət hissəsi isə qəbul edilməyib sexin bayır tərəfinə geri qaytarılması üçün qoyulmuş ət olub. Komitə üzvləri isə həmin əti götürüb şəkillərini çəkib. Elə standartlaşdırmanın üzvlərinin gözü qarşısında qəbul olunmamış ət onu gətirən maşına yüklənərək geri qaytarılıb.
"Çudo Peçka" mağaza-kafelərində əksər məhsullar, cəmi bir gün saxlanılır. Axşam satışdan çıxarılır, səhər tezdən mağazalara gələn maşına yüklənərək məhv edilməsi üçün baş ofisə göndərilir. Biz 1 ildir ki, mağaza-kafelərimizi bir-bir təmir edirik. Artıq əksər mağazalarımız təmir olunub. Çox az sayda mağaza-kafe qalıb ki təmir olunmasın. Fotolar həmin təmir olunmayan sexlərin birində çəkilib. Fotolardakı səliqəsizlik buna görədir. Digər bütün mağaza-kafelərimizin mətbəxi, sexi ilə özümüz sizləri tanış edəcəyik".
Xatırladaq ki, "Çudo Peçka"nın qeyri-rəsmi sahibi sabiq iqtisadi inkişaf naziri Heydər Babayevdir. Elə adıçəkilən MMC-də yoxlamalar və onların dəhşətli nəticələrinin açıqlanması da Babayevin gəlir qaynaqlarına yeni hücumun nümunəsi kimi dəyərləndirilirdi. Hətta "Çudo Peçka"nın onun əlindən alınmasına hazırlıq getdiyi iddiaları da vardı.
"Çudo Peçka"nın Ramiz Həsənovun rəhbərlik etdiyi komitənin yanındakı xidmətin apardığı yoxlamaların nəticələrinə dünənki açıq inkaredici və qınayıcı cavabı isə Heydər Babayevin bu MMC-dən vaz keçməyəcəyinin siqnalı kimi qəbul etmək olar. Hesab edilə bilər ki, sabiq iqtisadi inkişaf naziri "Çudo Peçka"nın əl dəyişdirməsinə razılaşmayacaq, buna qarşı gərəkən müqaviməti göstərəcək.
Elə "Çudo Peçka"nın cavab açıqlamasını da məhz bu kontekstdə dəyərləndirmək olar. Azərbaycan çapında yetərincə tanınmış brend üstündə keçmiş və indiki məmurların qovğasının nə ilə bitəcəyini isə zaman göstərəcək.
Murad Can