Hesablama Palatasının Kollegiya iclasında Palatanın 2019-cu il üçün İş planının layihəsi müzakirə edilərək təsdiq olunub.

Unikal.org bu barədə Palataya istinadən xəbər verir.

İclasda beynəlxalq təcrübədə Ali Audit Qurumlarının (AAQ) iş planlarının hazırlanması, ISSAI standartlarının bu sahədə müəyyən etdiyi istiqamətlər və prinsiplər barədə İcmal-analitik şöbə tərəfindən təqdimat keçirilib. Bildirilib ki, AAQ-ların beynəlxalq standartları olan ISSAI 10-a (AAQ-ların Müstəqilliyi haqqında Mexiko Bəyannaməsi), həmçinin, ISSAI 11-də (AAQ-ın müstəqilliyinə dair tövsiyələr və qabaqcıl təcrübələr) əsasən AAQ-lar audit məsələlərinin seçilməsində, öz nəzarət tədbirlərini planlaşdırma, proqramlaşdırma, hesabat vermə və tövsiyələrin icra vəziyyətini izləmədə, öz qurumlarının təşkili və idarə edilməsində sərbəstdirlər və müdaxilədən azaddırlar. Bundan əlavə qeyd olunub ki, İş planının ictimailəşdirilməsi, onun barəsində ümumi məlumatın verilməsi üçün ISSAI 20 standartına (Şəffaflıq və hesabatlılıq prinsipləri) görə AAQ öz səlahiyyətləri, missiyaları, təşkilati quruluşları, strategiyaları haqqında məlumatları, qanunvericilik və icraedici orqanlar daxil olmaqla müxtəlif maraqlı tərəflərlə əlaqələrini ictimaiyyətə açıqlamalıdırlar.

Daha sonra iclasa rəhbərlik edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın 2019-cu il üçün İş Planının hüquqi əsasları, qanunvericiliyin İş planı üzrə müəyyən etdiyi tələblər, cari ilin sentyabr ayında qüvvəyə minmiş “Hesablama Palatası haqqında” qanuna uyğun olaraq növbəti ildə Hesablama Palatasının kənar dövlət maliyyə nəzarəti üzrə tədbirləri, o cümlədən audit, analitik və monitorinq fəaliyyəti üzrə müəyyən edilən tədbirlər, eləcə də audit fəaliyyətinin maliyyə, səmərəlilik və uyğunluq növləri üzrə planlaşdırılması barədə ətraflı məlumat verib.

Bundan əlavə, iclasda Hesablama Palatasının 2019-cu il üçün İş Planında fəaliyyət üzrə rəy və hesabatın hazırlanması, o cümlədən dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının layihələrinə və icrasına rəylərin hazırlanması, yeni Qanuna uyğun olaraq dövlət büdcəsinin icrasının təhlili ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) yarımillik və illik məlumatın hazırlanması, həmçinin, növbəti ildə Hesablama Palatasının fəaliyyətinin təşkili üzrə normativ-metodiki, maddi-texniki, informasiya təminatı və beynəlxalq fəaliyyəti üzrə nəzərdə tutulan tədbirlər üzrə də geniş məlumat verilib.

Sonda V.Gülməmmədov növbəti il İş planında birinci rüb üzrə nəzərdə tutulmuş tədbirlərin vaxtında, keyfiyyətlə və səmərəli keçirilməsini təmin etmək məqsədilə, o cümlədən iş planında nəzərdə tutulmuş kənar dövlət maliyyə nəzarəti tədbirlərinin icra müddətindən asılı olaraq onların planlaşdırılması, eləcə də nəzarət tədbiri keçiriləcək kənar dövlət maliyyə nəzarətinin obyekti və həmin obyektin fəaliyyəti barədə zəruri məlumatların əldə olunması, nəzarət tədbirinin məqsədinin və miqyasının müəyyənləşdirilməsiişlərinə başlanılması ilə bağlı tapşırıqlar verib.