23 Avqust 2019
General səfirlə görüşdü
General səfirlə görüşdü SİYASƏT 18:42 2018-12-21

Dekabrın 21-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

Unikal.org xəbər verir ki, Səfər Mehdiyev Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq ənənələrinə söykənən strateji əməkdaşlıq münasibətlərindən bəhs edib. Bu münasibətlərin inkişafında hər iki ölkənin gömrük orqanlarının da roluna toxunan Komitə sədri bildirib ki, son illər regionda iki ölkənin təşəbbüsü ilə nəqliyyat və logistika sahələrində həyata keçirilən irimiqyaslı layihələr əlaqələrin bundan sonra da inkişafına töhfəsini verəcək.

Səfər Mehdiyev vurğulayıb ki, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına yönəlmiş ardıcıl və məqsədyönlü xətt bu gün iki ölkənin dövlət başçıları tərəfindən uğurla inkişaf etdirilir və strateji tərəfdaşlığın dərinləşməsinə nail olunub.

Azərbaycan və Türkiyə gömrük orqanları arasında əməkdaşlığın hazırkı vəziyyətindən razılığını söyləyən Səfər Mehdiyev, xüsusilə qarşılıqlı məlumat və təcrübə mübadiləsinin ümumi işə faydasından bəhs edib.

Səfir Erkan Özoral son illər iki ölkə arasında gömrük sahəsində qarşılıqlı əməkdaşlığın artırılması üçün mühüm işlərin görüldüyünü diqqətə çatdırıb. Qarşılıqlı məlumat və təcrübə mübadiləsinin bu sahədəki əməkdaşlığı daha da gücləndirdiyi, gələcəkdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinin vacibliyi bildirilib.