15 Oktyabr 2019
Qocalığın qarşısını alan dərman tapılacaqmı? - ALİMLƏR AÇIQLADI
Qocalığın qarşısını alan dərman tapılacaqmı? -ALİMLƏR AÇIQLADI CƏMİYYƏT 23:16 2018-12-22

Molekulyar bioloq Meng Wang bir Texas səhərində öz laboratoriyasına yollananda orada onu nələrin gözlədiyini bimirdi. Burada müxtəlif qutularda minlərlə qurd qaynaşırdı.

O hər bir qutunun içinə diqqətlə baxanda birdən ağlına qəribə bir ideya gəldi: Bu ideya bəşəriyyət ən ağrılı bir probleminin - qocalığın qarşısını ala bilərdi.

Qocalıqla bağlı olan xərçəng, revmatizm və Altsaymer kimi xəstəliklər hər gün bütün dünyada 100 min insanın həyatına son qoyur. Amma getdikcə daha çox alim inanır ki, bu, belə olmamalıdır.

Unikal.org milli.az-a istinadən xəbər verir ki, BBC Dünya Xidmətinin The Inquiry rubrikası dünyanın aparıcı alimlərinə qocalmanın təbiəti və onu mikrobiomlardan tutmuş 3D printerlərinədək ən müxtəlif vasitələrlə sağalda biləcək ən müasir elm barədə suallar verib.

Cağbacağ dişlər

Qocalma nədir? Əgər gözləriniz orqanizmi molekulyar ölçüdə görə bilsəydi siz hüceyrələr, toxuma və orqanlar boyunca onlara dəymiş kiçik zədələrin necə yayılmasını da görə bilərdiniz. Sonunda bu kiçik zədələr yığılaraq bütün orqanizmin iztirabına səbəb olur.

"Elə ki, biz zədələri təmir etmək iqtidarında olmuruq, onda qocalıq başlanır" - deyir danimarkalı alim Kaare Christensen.

Christensen uzun illər həkim işlədikdən sonra qərara gəlib ki, xəstə adamları müalicə etdiyi daha bəsdir.

İndi o Danimarka Qocalma Tədqiqatları Mərkəzinə rəhbərlik edir. Bu mərkəz ilk növbədə adamları xəstəliklərdən necə qorumağı araşdırır.

O deyir ki, bu istiqamətdə inkişaf var.

Bildirir ki, 1800-cü illərdə dünyanın əksər yerlərində ömür uzunluğu 40 il civarında idi.

İndi isə Şimali Avropada bu rəqəm 80 yaşdır və başqa ölkələr də geri qalmamağa başlayıb.

Bu ilk növbədə körpə və uşaq ölümlərinin azalması ilə bağlıdır. Yəni insan ömrünün uzunluğu öz-özünə artmayıb.

Alim deyir ki, dəyişən təkcə ömür uzunluğu deyil. İndi adamlar qoca yaşlarına daha sağlam vəziyyətdə çatırlar.

"Ən gözə çarpanı dişlərdir. Görürük ki, yaşlı adamların dişləri indi xeyli yaxşılaşıb və ya daha yaxşı qalıb" - deyir alim.

Dişlər bir növ ümumi sağlamlığın barometridir. Onların vəziyyəti bizim normalı yemək və sağlam qidalanmaq qabiliyyətimizi birbaşa təsirləndirir. Dişlərin vəziyyəti həm də başqa orqanların vəziyyətinin göstəricisidir.

Christensen deyir ki, adamlar ahıl yaşlarına təkcə sağlam dişlərlə çatmırlar, onların IQ testi nəticələri də yüksək olur. Alim bunu dünya boyunca həyat səviyyəsinin yaxşılaşmasında görür.

"Söhbət daha yaxşı həyat şəraitinin tam paketindən gedir...Yaxşı təhsildən, gördüyün işdən çox şey asılıdır" - deyir alim.

O inanır ki, tərəqqi davam edəcək. Amma nə qədər?

Ən uzun ömür üzrə dünya rekordu fransız qadın Jeanne Louise Calment-ə məxsusdur. O 122 il yaşaya bilib. Maraqlıdır ki, o, 1997-ci ildə, 20 il bundan əvvəl vəfat edib. O vaxtdan bəri o qədər dəyişikliklər olub ki...

Orqanların printerdə çap olunması

Biofizik Tuhin Bhowmick əsli Hindistanın Banqalor şəhərindən olan həkim sülaləsindəndir.

Bhowmick atasının və əmilərinin şam masası arxasında söhbətlərini yaxşı xatırlayır. Hər dəfə onlardan soruşanda ki, niyə ölümün dərmanını tapa bilmirlər, yaşlı həkim deyərmiş: "Təbabətin də hüdudları var".

"Mən də onda deyərdim ki, okey, mən daha həkim olmaq istəmirəm, dərman düzəldən olacağam" - deyə Bhowmick yada salır.

Alim deyir ki, qocalıq yaşında ölüm əsasən həyati orqanların - ürək, ağ ciyərlər və qaraciyərin sıradan çıxması nəticəsində baş verir.

Deməli belə insanlara yeni orqan köçürülsə, onlar ölməz. Amma bu asan çıxış yolu deyil.

Problem burasındadır ki, hazırda orqanlara ehtiyacı olanların sayı donorların sayından xeyli çoxdur.

Çox vaxt insanlar yeni orqanı gözlədikləri vaxt vəfat edirlər.

Bhowmick isə düşünür ki, donoru gözləməkdənsə orqanın özünü yaratmaq olar.

O düşünür ki, 3D printerində insan orqanizminin rədd etməyəcəyi orqanı dəqiqliklə çap etmək mümkün ola bilər.

"Deyək ki, siz orqan gözləyirsiniz, əlinizdə ultrasəs cihazının çıxardığı rəsmlər var.

Bu rəsmlərdə sizin orqanınızın forma və ölçüləri görünür. Bunun əsasında printerdə orqanın dəqiq surətini çıxarmaq mümkündür" - deyir alim.

Bhowmick bunun üçün printerdə adi mürəkkəb yox, zülal və hüceyrələrdən yaradılmış xüsusi məhluldan istifadə edilə biləcəyini deyir.

Bu zülallar və hüceyrələr pasientin özündən alındığına görə onun orqanizmi printerdən çıxmış süni orqanı rədd etməyəcək.

Onun komandası artıq Hindistanın ilk qaraciyər toxumasını yaradıb.

Qarşıda qaraciyərin miniatür maketinin yaradılması məqsədi durur. Alimin fikrincə buna növbəti beş ildə nail olmaq mümkündür.

Belə süni qaraciyər pasientə özünün qara ciyəri ola-ola "qoşula" bilər.

Alimin fikrincə qarşıdan gələn on ildə artıq tam funksiyalı qaraciyərin yaradılması və transplantasiyası mümkün olacaq.

Amma əgər qocalıqla əlaqədar insanın orqanları nasazlayırsa, bu o deməkdirmi ki, onlar həyatlarının sonuna yaxınlaşırlar. Yaxud onların ürəyi və ağ ciyərləri də sıradan çıxırsa, onda necə olsun?

Bhowmick inanır ki, hər bir hala ayrılıqda baxılmalıdır.

"Əgər siz pasientin ölümünə əsas səbəb ola bilcəcək orqanı dəyişsəniz, o bəlkə də daha 20 il yaşaya bilər, çünki ola bilsin, onun beyni və ürəyi qaraciyəri qədər nasaz deyil" - deyir alim.

Yaxşı bəs insanın nə qədər yaşaya biləcəyi barədə nə deyir Bhowmick?

Onun fikrincə 2000-ci illərdə və ya ondan az əvvəl, məsələn 1981-ci ildən sonra doğulanlar 135 yaşı haqlaya bilərlər.

Qurd müdrikliyi

Meng Wang-ın nənəsi 100 yaşında vəfat edib. O, ömrünün sonunadək fəal və sağlam idi.

Onun qocaldıqca belə sağlam qalmasının sirri Wang-ı düşündürürdü.

Wang ABŞ-dakı Baylor Tibb Kollecinin molekulyar və insan genetikası alimidir. O tibbin ən maraqlı sahələrindən birində - mikrobiomlar sahəsində araşdırmalar aparır.

"Bunlar bizimlə birlikdə yaşayan mikroorqanizmlərdir. Onlar bizim həzm yollarımızdan tutmuş dərimizin səthinədək bütün bədənimizdə yaşayırlar" - deyir tədqiqatçı.

O deyir ki, mikrobiomları gözlə görmək olmur, amma onlar bizim hər yerimizdədirlər.

Onların əksəriyyəti bakteriyalardır, lakin göbələk, virus və mikrob olanları da var. Keçmişdə alimlər bunlara o qədər də fikir verməyiblər. Lakin biz indi bilirik ki, bu orqanizmlərin bizim bədənimizə çox mühüm təsiri var.

Son tədqiqatlar göstərib ki, mikrobiomlar bizə daxili orqanlarımız qədər lazımlıdır.

Onlar bizim davranışımıza və müxtəlif dərmanlara reaksiyamıza təsir göstərirlər.

"Bəzən mikrobiomlarımız bizi xəstə edirlər. Amma digər tərəfdən sağlam qalmağımızda da onların əvəzsiz rolu var" - deyir Wang.

Alimi mikrobiomların bizim qocalma prosesimizə təsiri daha çox maraqlandırır.

Bunu yoxlamaq üçün alim cəmi iki-üç həftə ömrü olan qurd növündən istifadə edib. Bu, ömür uzunluğunu araşdırmaq üçün çox rahat olan ən qısa müddətdir.

Tədqiqatçını belə suallar maraqlandırırdı: Görəsən qurdun mikrobiomları dəyişdirilsə, nə baş verər?

Qurd buna görə daha uzun yaşaya bilərmi?

Wang bu məqsədlə qurdun qarnında olan bakteriyalardan birini seçərək onun genetikasını dəyişdirib və müxtəlif genetikalı mikrobiomlar yaradıb.

Bundan sonra aldığı bakteriyaları ayrıca qruplaşdırılmış qurdlara yedizdirib. Sonra qurdların normal ölüm vaxtına yaxın onları yoxlayıb.

"Mən çox həyəcanlanmışdım, çünki bəzi hallarda qurdlar ölməmişdilər. Onlar hələ də yaşayırdılar. Mən sevincimdən tullanıb-düşürdüm, çünki bu tam gözləmədiyim bir nəticə idi" - deyir alim.

Qoca qurdların fiziki aktivliyi azalsa da, yeni mikrobiomları olan yaşlı qurdlar daha hərəkətli idilər. Üstəlik onların xəstəliklərə müqaviməti daha güclü idi.

Wang indi bu təcrübəni siçanlar üzərində keçirməyə hazırlaşır. Görəsən mikrobiomlar onların da ömrünün uzanmasına səbəb olacaqmı?

Ola bilsin ki, həkimlər günlərin bir günündə bizə ömrümüzü uzadan həblər yazacaqlar. Bəs belə həblər insanın ömrünü nə qədər uzada bilər?

"Bəzi həmkarlarım deyirlər ki, "yaxşı, mənim fikrimcə adamlar 200-300 il yaşaya bilərlər", - deyir Wang - Şəxsən mən fikirləşirəm ki, 100 də pis ömür deyil".

Hüceyrələr qocalmasaydı...

Biz qocaldıqca qəribə bir şey baş verir. Hüceyrələrimiz yaşlandıqca ölüb gedən hüceyrələrin yerinə yeni hüceyələrin yaranması üçün onların bölünməsi baş verir.

Lakin bu heç də mükəmməl bir proses deyil. Çünki hüceyrələrəmiz bölündükcə onların qocalması ehtimalı daha da artır.

Hüceyrələr də insanlar kimi böyüyür, yaşlanır, qocalır və ölürlər. Amma bu dərhal baş vermir, onlar uzun müddət ölmək əvəzinə həyata davam edir və ətrafdakı hüceyrələrlə kommunikasiyada dağıdıcı amilə çevrilirlər.

İngiltərədəki Exeter Universitetinin molekulyar genetika professoru Lorna Harries izah edir:

"Sanki qocalmış hüceyrələr ətrafdakı hüceyrələrə üz tutub deyirlər: "Bilirsiniz nə var, uşaqlar, siz də elə mənim qədər yaşamısınız, indi sizin də qocalmaq vaxtınızdır".

Bu qocalan hüceyrələr başqa hüceyrələr üçün az qala "yoluxucudur". Onlar başqa hüceyrələri də "qocalığa yoluxdurur" və qocalan hüceyrələrin sayı elə bir həddə çatır ki, artıq öhdəsindən gəlmək mümkün olmur.

Harries öz laboratoriyasında ola bilsin ki, bu qocalıq xuliqanlarının çarəsini tapıb.

Bir qədər əvvəl Harries deyirdi ki, onun gənc həmkarlarından biri qoca dəri hüceyrələrinin üstünə bəzi kimyəvi maddələri qoyub və nə baş verəcəyini gözləyib.

Hüceyrələrin qocalığını yoxlamaq üçün onların üzərinə xüsusi boya maddəsi tökülür. Əgər hüceyrələrin rəngi dəyişib mavi olsa, deməli bunlar yaşlı hüceyrələrdir.

"Mən gözləyirdim ki, hüceyrələrin rəngi elə mavi qalacaq, - deyir Harrie. - Amma onlar daha mavi deyildilər. İndi onların rəngi qayıdıb cavan hüceyrələrdəki kimi olmuşdu".

Alim gördüklərinə inanmayıb və həmin gənc aspirantdan bu təcrübəni bir də təkrar etməsini xahiş edib.

Nəticə təkrar olunub. Bundan sonra Harries aspirantı təcrübəni dəfələrlə təkrar etməyə vadar edib.

Harries xatırlayır ki, gənc alim bu təcrübəni doqquz dəfə təkrar edib:

"Nəhayət mən nəticələrə baxıb dedim: "Deyəsən sən nəsə tapmısan".

Bu təcrübə çox effektiv şəkildə qoca hüceyrələri cavan hüceyrələrə çevirirdi. Bu əslində yaşlanma prosesini geri qaytaran ilk təcrübə idi.

Bəziləri düşünürlər ki, bu daha uzun ömrün çarəsi, əlacı ola bilər. Bundan sonra Harries-ə dünyanın müxtəlif yerlərindən investor və alimlər zəng edirdilər.

Amma Harries bizim nə qədər uzun yaşaya biləcəyimiz barədə xəyallar qurmur. O inanır ki, insan ömrünün maksimum uzunluğu üçün təbii bir hədd var.

Bununla belə inanmaq istəyir ki, onun tədqiqatı anti-degenerativ dərmanların yeni nəslinin yaradılmasına yol açşacaq.

Belə bir dərman demensiya və ürək-damar xəstəliklərinin müalicəsinə kömək edərdi.

"Mən ümid edirəm ki, belə bir müalicə bir neçə problemi eyni vaxtda hədəfləyə bilər. Erkən ölməli olan insanlar təbiətin verdiyi maksimum limit daxilində yaşamaqda davam edər" - deyir Harries.

Yenə də belə bir suala gəlib çıxırıq: Biz nə qədər yaşaya bilərik?

Ola bilsin ki, bir gün biz zədələnmiş orqanlarımızı yenisi ilə əvəzləməyi, bizə gənc mikrobiom verən qida əlavələrini qəbul etməyi və hüceyrələrimizin qocalmasını dayandırmağı öyrənəcəyik.

Bütün bunlar insan ömrünü nə qədər uzada bilər?

Tuhin Bhowmick-in proqnozlarına inansaq, 2000-ci illərdə doğulanlar 135 ilədək yaşaya biləcəklər.

Bu isə o deməkdir ki, siz 1981-ci ildə doğulmusunuzsa, 2116-cı ilə qədər vaxtınız var. Bəlkə bundan da artığı mümkün olacaq. Kim bilir?