“Azərenerji” ASC-nin balans mənsubiyyətinə aid olan elektrik stansiyaları ilə yanaşı, ötürücü xətlər və yarımstansiyalarda da kompleks tikinti, bərpa və yenidənqurma işlərinə başlanılıb. Daha dəqiqi “Ölkə enerjisistemində yaranmış kritik vəziyyətin aradan qaldırılması məqsədi ilə hazırlanmış reablitasiya üzrə Tədbirlər Planı”na uyğun olaraq aparılan təftişdən sonra aşkar edilən nöqsan və nasazlıqların aradan qaldırılması, istismar müddətini başa vuran hissələrin dəyişdirilməsi istiqamətində işlər həyata keçirilir.

Unikal.org xəbər verir ki, ilkin mərhələdə sistemtəşkiledici 110 kV-luq ikidövrəli “8-ci” km hava xətlərinin  3-cü və 4-cü xətlərində istismara yararsız naqillər, izolyatorlar dəyişdirilib, hava xəttinin dayaqları təmir edilib. Eyni zamanda, 110 kV-luq 1-ci “Xırdalan”, 110 kV-luq 2-ci “Maştağa”, 220 kV-luq “Zabrat” hava xətlərində yenidənqurma işləri aparılıb. 

Respublikanın bölgələrində də işlər həyata keçirilməkdədir. Belə ki, 220 kV-luq 6-cı “Masallı”, 110 kV-luq 2-ci “Salyan” 110 kV-luq  3-cü “Sabirabad” hava xəttlərində istismar müddətini başa vuran dayaq və naqillər dəyişdirilib.

Elektrik verlişi xətləri ilə yanaşı yarımstansiyaların da müasirləşdirilməsi sürətlə davam edir. Yarımstansiyalarda ifrat yüklənən transformatorların yeniləri ilə əvəz olunması məqsədilə sifariş edilən 13 ədəd transformatorun quraşdırılmasına başlanılıb. “Əhmədli”, “Zabrat”, “135 Saylı, “Sumqayıt-2”, “Sulfanol” və “Kimyaçılar” yarımstansiyalarında quraşdırılan transformatorların hesabına 400 MVA-ya yaxın güc artımına nail olunacaq.

Qeyd edək ki, davamlı şəkildə gerçəkləşdirilməsi müəyyənləşdirilən tədbirlər ölkə enerjisisteminin stabil, təhlükəsiz, dayanıqlı iş rejimində fəaliyyət göstərməsi və iyul ayında baş verən enerji böhranının təkrar olunmaması üçün vacib əhəmiyyət kəsb edir.