19 Mart 2019
XİN-də kollegiya iclası - Elmar Məmmədyarovdan diplomatlara ÇAĞIRIŞ
XİN-də kollegiya iclası -Elmar Məmmədyarovdan diplomatlara ÇAĞIRIŞ SİYASƏT 23:41 2018-12-25

Dekabrın 25-də Xarici İşlər Nazirliyinin geniş tərkibli kollegiya iclası keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a bildiriblər ki, iclasın əvvəlində iştirak etmiş XİN-in keçmiş nazir müavini, hazırda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Aparatının rəhbəri Xələf Xələfov çıxış edərək 27 il ərzində nazir müavini vəzifəsində ölkəmizin xarici siyasətinin həyata keçirilməsi sahəsindəki fəaliyyətindən bəhs edib.

Nazirliyin rəhbərliyi və kollektivi adından ölkəmizin xarici siyasətinin uğurla həyata keçirilməsinə verdiyi töhfə üçün Xələf Xələfova minnətdarlıq bildirilib və ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu edilib.

Daha sonra kollegiya iclasında Xarici İşlər Nazirliyinin cari il ərzində həyata keçirdiyi fəaliyyətin yekunları, o cümlədən bölgədə və yaxın qonşuluqda mövcud olan təhdid və çağırışlar, habelə bu il paytaxtımızın ev sahibliyi etdiyi Qoşulmama Hərəkatının Nazirlər konfransı və ölkəmizin bu təşkilata qarşıdan gələn sədrliyi, Xəzər dənizinin hüquqi statusu üzrə Konvensiyanın razılaşdırılması, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyimiz və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. İclasda, həmçinin 2019-cu ildə Azərbaycan Respublikasının diplomatik xidmətinin 100 illiyinin qeyd olunması ilə bağlı fikir mübadiləsi aparılıb və bu xüsusda tədbirlər planı nəzərdən keçirilib.

İclası yekunlaşdıran xarici işlər naziri Elmar Məmmədyarov nazir müavinlərini və idarə rəhbərlərini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi xarici siyasət hədəflərinə nail olunması məqsədilə qarşıdan gələn il ərzində praqmatik və çoxşaxəli xarici siyasət fəaliyyətinin irəliləməsi istiqamətində səylərin artırılmasına çağırıb.