21 İyun 2019
20 İyun 2019
"Vaxtilə Ermənistan hətta qatı bir terrorist şəxsi əfv edib"
"Vaxtilə Ermənistan hətta qatı bir terrorist şəxsi əfv edib" MÜSAHİBƏ 11:40 2012-09-18

"Vaxtilə Ermənistan hətta qatı bir terrorist şəxsi əfv edib"
"Vaxtilə Ermənistan hətta qatı bir terrorist şəxsi əfv edib"

Tahir Kərimli: "Bu gün ən vacib məsələ ölkədəki müxtəlif sosial qrupların, siyasi zümrələrin bir araya gətirilməsidir"

Hazırda bir çox proseslər baxımından ölkədə, bütövlükdə Cənubi Qafqaz və Yaxın Şərq bölgəsində gərgin epizodlar yaşanmaqdadır. Sadaladığımız problemlərlə bağlı həmsöhbətimiz Vəhdət Partiyasının sədri Tahir Kərimlidir.

-Tahir bəy, bu gün (dünən-red.) YAP-ın qərargahında siyasi partiyalar Avropa parlamentinin Ramil Səfərovla bağlı qətnaməsini müzakirə edib Avropa parlamentinə müraciət qəbul ediblər. Bizim siyasi cəmiyyətin bu addımı hansı yönlərdə effekt verə bilər?
-Mən şəxsən hesab edirəm ki, Ramil Səfərov Azərbaycana gələndən sonra Azərbaycan Respublikasının Ali Məhkəməsi onunla bağlı məhkəmə prosesi qurub qərar qəbul etməliydi. Bu məhkəmədə Ermənistanın Azərbaycana təcavüzü və bunun doğurduğu nəticələrin hüquqi zəminində Ramil Səfərovun atdığı addımın hüquqi dəyəri bütün dünyaya elan edilməliydi. Və həmin məhkəmə prosesində Ramil Səfərovun işinə xitam verlə bilərdi və yaxud ona bəraət verilə bilərdi. Eyni zamanda ermənistan dövlətinin Azərbaycana və vətəndaşlarımıza qarşı törətdiyi cinayətkar addımlar tamamilə ifşa oluna bilərdi. Amma Prezident İlham Əliyev öz üzərinə elə bir yük götürdü ki, əslində məhkəmə orqanlarının görməli olduğu işi o gördü. Və əlbəttə, Ramil Səfərovu əfv etmək üçün cənab Prezidentin əlində əsas var idi. Vaxtilə Ermənistan hətta qatı bir terrorist şəxsi əfv edib. Onu xaricdən Ermənistana gətizdiriblər və bağışlayıblar. 9 ildən artıq cəzasını çəkmiş Azərbaycan vətəndaşının da bağışlanmaq hüququ var. Məgər Prezident bilmirdi ki, bu addımı atanda beynəlxalq ictimaiyyət ona qarşı çıxacaq? Mənə elə gəlir ki, Prezident bütün bunları ölçüb-biçmişdi və məsuliyyəti öz üzərinə götürməyi bacardı. Bunu qiymətləndirmək lazımdır. İstənilən hərəkətdə yanlış anlaşılmalar ola bilər. Mən demirəm ki, Ramil Səfərovun səhvi olmayıb. Ancaq onun 5-10% səhvinə görə onun 90% igidliyini aşağılamaq və bu əsasda da Azərbaycanı aşağılamaq xətti götürmək heç kimə yaraşmır. Mənə elə gəlir ki, bu hadisə çox ciddi bir məsələdir və bu baxımdan Yeni Azərbaycan Partiyasının müxtəlif siyasi qüvvələri bir araya gətirməsi gələcəkdə cəmiyyətdə dialoq mədəniyyətinin inkişaf etməsinə təkan verə bilər. Bu proses inkişaf edib digər ümummilli məsələlərin də müzakirəsinə gətirib çıxarda bilər. Bu prosesi təqdir etmək və gələcəkdə də davam etdirmək lazımdır. Bəzi qəzetlər buna kampaniya xarakterli addım kimi yanaşıb aşağılaya bilər. Avropa parlamenti və yaxud digər beynəlxalq qurumlar son iyirmi ildə iyirmi mindən çox soydaşımızın həyatına son qoymuş erməni teroruna, Azərbaycanın məruz qaldığı çoxlu terror aktlarına qiymət verməyiblər, amma indi oturub bir nəfəri müzakirə edirlər. Əksinə, altdan-altdan Ermənistanı müdafiə edirlər. Bu da dünyaya ağalıq edən qurumların xristian anklavını böyütmək və onu müdafiə etmək kursunun nəticəsidir. Ona görə də hesab edirəm ki, həmin tədbirə qatılan siyasi qüvvələrin Azərbaycanın mənafeyini müdafiə etməsi və Avroap parlamentinə etiraz etməsi düzgün addımdır. İstənilən halda Azərbaycanın mövqeyi müdafiə edilməlidir.
-Avropa parlamentinin Ramil Səfərovla bağlı qəbul etdiyi qətnamə dövlətimiz üçün hansı nəticələr doğura bilər?
-Təbii ki, dünyanı idarə edənlər öz bəhanələrini axtarmaqdadırlar. Elə ərəb dövlətləri var ki, orada tam bir diktatura hökm sürür, xalqın başını kəsir, amma bu qüvvələr onlarla dostluq edərək xatirlərinə dəymirlər. Amma başqalarının üstünə diktator adı qoyub çevrilişlər təşkil edirlər. Ona görə də düşünürəm ki, əllərinə bəhanə düşə bilər. Yəni əslində istər demokratik dəyərlərə qiymət baxımından, istərsə də hər hansı baxımdan əllərinə bir bəhanə keçirdə bilərlər. Bundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istfadə etməyə cəhd göstərəcəklər. Amma yenə deyirəm: Azərbaycanda demokratik dəyərlər içəridən yetişsə və insan haqları dövlət səviyyəsində lazımi şəkildə müdafiə edilsə, onların bizə ilişməyə bəhanələri az olacaq. Bunu da nəzərə almaq lazımdır ki, Amerika və yaxud Qərb dövlətləri dünyanın istənilən ölkəsində çevriliş edə bilir, amma bu ölkələrdə istədiyi rejimi qurmağı bacarmır. Ona görə də Azərbaycan ictimaiyyəti demokratik dəyişikliklərə, ictimai konsensusa, vətəndaş həmrəyliyinə köklənməlidir. Bu gün hər şeydən daha vacib məsələ ölkədəki müxtəlif sosial qrupların, siyasi zümrələrin, vətəndaş cəmiyyəti qurumlarının bir araya gətirilməsidir. Ayrı-ayrı qrupların və yaxud şəxsiyyətlərin deyil, ümumən cəmiyətin passionarlığına nail olmaq lazımdır. Buna görə də Azərbaycan cəmiyyəti öz içərisində konsensus yolu ilə daxili dinamikasını təmin etməli və dialoq mədəniyyətini inkişaf etdirməlidir. Bu zaman Avropa parlamentinin Azərbaycana qarşı işlətmək istədiyi silahın kəsəri də azalar və onların əllərinə bəhanə də qalmaz. Yəni gərəkdir ki, onların əllərinə kozır verməyək. Bundan sonra Avropa bizə qarşı qərəzli mövqe tutmaq üçün daha bəhanələr və faktlar əldə edə bilməyəcək.
-Tahir bəy, sizcə, Ayaz Mütəllibov Azərbaycana eks-prezident kimi qayıdıb, yoxsa siyasi fiqur kimi? Ümumiyyətlə, onunla görüşünüz olubmu?
-Xeyr. Ayaz Mütəllibovla görüşüm olmayıb. Amma bu görüş ola da bilər. Mən bu faktı da yüksək qiymətləndirirəm ki, cənab prezident çox düzgün olaraq eks-prezidentlər barədə qanunun qəbul edilməsi məsələsini qaldırdı və təşəbbüsçüsü oldu. Bunu gizlətmək də lazım deyil ki, həmin qanun layihəsinin qəbul edilməsinə qarşı müqavimət göstərənlər də oldu. Demək istəyirəm ki, sözügedən qanun layihəsi Azərbaycan cəmiyyətinin bütövləşməsi yolunda atılan bir addım kimi dəyərləndirlməlidir. Düşünürəm ki, cənab Ayaz Mütəllibov da cənab prezidentə dayaq olub ona kömək eləyəcək. Yəni Ayaz Mütəllibov Azərbaycanda gedən proseslərə öz pozitiv töhfəsini verə bilər. Mən belə hesab edirəm. Ayaz Mütəllibovla görüşümüz olsa da, çalışacağıq ki. dövlət, vətəndaş və cəmiyyətin birliyinin təmin edilməsi istiqamətində birgə addımlar ataq.
-Fikrimcə, kimin necə yanaşmasından asılı olmayaraq, yaxşı haldır ki, Azərbaycanda da artıq diri eks-prezident var...
-Əlbəttə. Doğrudan da, indi adama bir az qəribə gəlir bu söz. Şükür Allaha, hazırda müsəlman dövlətlərindən birində də artıq eks-prezident statusu mövcuddur.
-2013-cü ilin prezident seçkilərinə bir partiya kimi təkbaşına gedəcəksiniz, yoxsa kimisə dəstəkləyəcəksiniz? Hansısa siyasi bloka qoşulmaq niyyətiniz varmı?
-Bilirsiniz, bu barədə bizim partiyanın baş məclisinin qərarı var. Bu qərar prezident İlham Əliyevin siyasi strategiyasını müdafiə etmək ruhunda qəbul edilib. Mən hesab edirəm ki, hazırda Azərbaycanda o qədər güclü proseslər gedir və beynəlxalq vəziyyət o qədər mürəkkəbdir ki, xalqın və Azərbaycanın taleyini risk altına atmaq düzgün deyil. Yəni biz məhz bu nöqteyi-nəzərdən çalışacağıq ki, İlahm Əliyevin prezidentliyə namizədliyi ilə bağlı qərar verək. Əgər indiki prezident prezidentliyə namizədliklə bağlı başqa bir qərar qəbul etsə, yenə də onu dəstəkləyəcəyik. Hər halda indiki mürəkkəb durumda ölkədə kəskin dəyişikliklərin baş verməsi bir çox cəhətlərdən ciddi fəsadlar törədə bilər. İndiki prezidentin namizədliyinin irəli sürüləcəyi gözləniləndir. Güman ki, Yeni Azərbaycan Partiyası bunu haçansa rəsmən elan edəcək. Bizim partiyanın başqa bir namizədi yoxdur. Əgər gözlədiyimiz kimi olarsa, biz bir partiya olaraq prezident İlham Əliyevin namizədliyini müdafiə edəcəyik.
-Bayaq dediniz ki, beynəlxalq vəziyyət gərgindir, diqqətli olmaq lazlımdır. Politoloqlardan biri də bu yaxınlarda dedi ki, regionda ciddi dəyişikliklər gözlənilir, ehtiyatlı olmalıyıq. Fikrinizi bir qədər də konkretləşdirə bilərsinizmi?
-İndiki politoloqlar hansı dövlətin güclü olmasına fikir verirlər və işləri, gücləri güclü dövlətlərin siyasətlərini tərifləməkdir. Daha doğrusu, hansı dövlət onlara pul buraxırsa, onları mədh edirlər... Rusiya güclüdürsə, Rusiyanı, Amerika güclüdürsə, Amerikanı... Amma onların hansı maraqlardan çıxış etmələrindən asılı olmayaraq, hazırda regionda, həqiqətən də, çox gərgin bir durum formalaşıb. Bu gərginlik regionda yaranmış qüvvələr münasibəti ilə bağlıdır. Mən "qüvvələr tarazlığını" demirəm, qüvvələr münasibətini deyirəm. İranla bağlı, İsraillə bağlı və bütövlükdə regioanla bağlı maraqlı momentlər və manevrlər müşahidə olunur. Və bu da faktdır ki, Azərbaycan bir dövlət kimi bu münasibətlər şəbəkəsindəki əsas həlqələrdən birinə çevrilib. Ona görə də Azərbaycan son dərəcədə incə şəkildə davranmalıdır. Qərbin özüylə bağlı Azərbaycana gətirdiyi siyasi düşüncə tərzinin və İranın, Türkiyənin bu bölgədəki maraqlarının ümumi duruma birbaşa dəxli var. Ona görə də bütün bunlar siyasi zümrələrin, qeyri-hökumət təşkilatlarının manevrlərində davranışlarında öz əksini tapır. Hərəsi öz platformasına uyğun bəyanatlar verməklə məşğuldur. Təbii ki, gələckdə bu təmayüllər Azərbaycandan asılı olmayan regional proseslərə çevriləndə hər kəs öz maraqlarını diqtə etməyə çalışacaq. Bu baxımdan yanaşanda Azərbaycanda çox mürəkkəb bir mənzərə formalaşıb. Belə bir mərhələdə son dərəcə ağıllı və diqqətli davranmaq lazımdır. Elə vəziyyət yaranmasın ki. öz əleyhimizə işləsin.
Söhbətləşdi:
Savalan