Bu gün Bakı Kitab Mərkəzində tanınmış yazıçı, akademik, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla ilə görüş keçirilib.

Unikal.org xəbər verir ki, görüşdə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, tanınmış alim Muxtar İmanov, yazıçılar Fəxri Uğurlu, Tahir Kazımlı, Şərif Ağayar, tanınmış ədəbiyyatşünaslar, ADU-nun müəllim və tələbələri, media nümayəndələri iştirak edib.

Kamal Abdulla görüşdə iştirakçıların suallarını cavablandırıb və yaradıcılığı, ümumilikdə ədəbiyyat haqqında maraqlı fikirlərini bölüşüb.

Akademik Azərbaycan ədəbiyyatında mifologiyanın tutduğu yerdən danışaraq bildirib ki, dilimiz də mifoloji qatlarla zəngindir.

Daha sonra ADU-nun müəllimi Dilbər Zeynalova Kamal Abdullanın çox sevilən "Unutmağa kimsə yox" şeirini səsləndirib.

Azərbaycanda postmodernizmin hazırkı durumundan danışan Kamal Abdulla bir neçə il əvvəl Nobel mükafatına namizəd göstərilməsindən, eləcə də dünyaca məşhur yazıçı Umberto Eko ilə görüşündən də bəhs edib. K.Abdulla yazı texnikasından və həyata baxışlarından da söhbət açıb.

Görüş sual-cavab şəraitində davam edib.