Yunanıstanın PAOK klubunun müdafiəçisi Yevgeni Xaçeridi karyerasını “Qarabağ”da davam etdirə bilər.

Unikal.org-un Yunanıstan mətbuatına istinadən verdiyi xəbərə görə, Ağdam klubu ukraynalı futbolçuya rəsmi təklif göndərib. "Qarabağ" hazırda 31 yaşlı oyunçunu heyətinə qatmağa əsas namizəd hesab olunur. 

Məsələ ilə bağlı klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Unikal.org-a açıqlamasında belə bir danışıqların olmasını təkzib edib: 

"Biz sadəcə Reynaldonun keçidini rəsmiləşdirmişik.  Yevgeni Xaçeridi ilə klub arasında danışıqlar olmayıb". 

Ukrayna mətbuatında da Yevgeni Xaçeridinin Azərbaycan klublarının birindən təklif aldığı barədə xəbərlər yayılmışdı. 

Qeyd edək ki, Xaçeridinin PAOK-la 2021-ci ilin yayına kimi müqaviləsi var. Ukraynalı müdafiəçinin transfer məbləği 2,5 milyon avrodur.

Aygün İlqarqızı