Gürcüstan paytaxtı Tbilisi şəhərinin ətrafında yerləşən Kvemo Poniçala kəndində 35 yaşlı Ramiş Güləhmədov qətlə yetirlib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə dekabrın 26-da gecə saatlarında kənddə yerləşən kafelərdən birində baş verib.

R.Güləhmədovun həmkəndlisi Emil Əmirova 1 500 dollar məbləğində borcu olub. Borc üstündə yaranmış mübahisə nəticəsində E.Əmirov R.Güləhmədovu bıçaqlayıb. Bud nahiyəsindən xəsarət alan yaralı xəstəxanaya çatdırılsa da, qan itirməsindən onun həyatını xilas etmək mümkün olmayıb.

R.Güləhmədov evli və 3 azyaşlı uşaq atası idi. 

Polis qətldə ittiham olunan E.Əmirovu “isti izlər”lə saxlayıb. O, günahını etiraf edib.

Faktla bağlı şəxsin ölümünə səbəb olan sağlamlığa qəsdən ağır zərər yetirmə maddəsi üzrə cinayət işi açılıb. Saxlanılan şəxsi 4 ildən 7 ilədək həbs cəzası gözləyir.