Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, paytaxtdakı təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi uğurla davam edir.

Unikal.org xəbər verir ki, bu gün “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib. Yenilənmiş həyət Nərimanov rayonu,  Atatürk  prospekti 37, 37A, 39 ünvanında 1500 nəfərə yaxın sakinin yaşadığı binaları əhatə edir.
“Bizim həyət”  layihəsinin əsas məqsədi ekoloji cəhətdən təmiz və abad həyətlərin modelləşdirilməsi,  yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. 

"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan və 1,3 ha sahəsi olan həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb və bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə ərazidə uşaq oyun elementləri,  mini  futbol və şahmat meydançaları,  həmçinin 500 m2  velosiped yolu salınıb.  Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmlədirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə,  o cümlədən onlarda sistematik idmanla məşğul olma refleksinin yaradılmasına nail olmaqdır. 
Sakinlərin istək və maraqları nəzərə alınaraq,  binaların fasadları və giriş hissələridə  tam təmir olunaraq onların istifadə sinə verilib.  Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı,  əlavə olaraq 100 ədəd ağac və kol əkilmiş,  3500 m2 ərazidə yaşılıq zolağı salınıb, 6 söhbətgah və  sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müşahidə kameraları quraşdırılıb.  

Nərimanov rayonunda sakinlərin istifadəsinə verilmiş həyət layihə çərçivəsində abadlaşdırılan on ikinci həyətdir.

Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar,  paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA  İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.