Dekabrın 29-da Bakı-Gəncə marşrutu üzrə hərəkət edən sürətli elektrik qatarı işə düşüb. 

Unikal.org xəbər verir ki, qatarın ilk sərnişinləri ADY-nin sədri Cavid Qurbanov, millət vəkilləri və KİV nümayəndələri olub.

İlk sərnişinlər arasında olan əməkdaşımız Famil Fərhadoğlu da ölkənin ikinci ən böyük şəhəri olan Gəncəyə səfər edib. Onun səfərlə bağlı reportajını təqdim edirik:

Saat 09:00-da sürət qatarı Bakı Dəmir Yolu Vağzalından hərəkətə başlayıb. Qatar yola düşməzdən əvvəl "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov sərnişinlərə, bu qatarda fəaliyyət göstərəcək əməkdaşlara uğurlar arzulayıb. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə onları təbrik edən QSC sədri işğal altında olan torpaqlarımızın azad ediləcəyini və yeni qatarlarla Qarabağa səfərlər edəcəyimizə inandığını vurğulayıb.

“Stadler Rail Group” şirkətindən alınan bu elektrik qatarları sərnişinlərin rahat, sürətli və təhlükəsiz daşınması üçündür. Hər vaqonda sərnişinlər üçün lazımi şərait yaradılıb. Geniş və rahat oturacaqlar, sərnişinlərə çay və sərinləşdirici içkilər təklif edən bələdçilərin xoş və gülərüz siması, yolboyu yüksək xidmət 4 saatlıq  yolu vaxt hiss etmədən başa vuracağımıza bizdə əminlik yaratmışdı.

Vaqonlarda ilk gözə dəyən təhlükəsizliklə bağlı tədbirlərin görülməsi idi. Nəzarət kameralarının quraşdırıldığı vaqonlarda yanğından mühafizə sistemi, kondinsioner, həmçinin insanların hər hansı hadisə baş verdiyi təqdirdə təxliyə edilməsi üçün bütün imkanlar yaradılıb. Vaqonların hər iki tərəfində quraşdırılan monitorlar bizim diqqətimizi daha çox cəlb etdi. Həmin monitorlarda bu günün tarixi, Bakı-Gəncə marşrutu üzrə stansiyaların adları, havanın temperaturu, həmçinin qatarın sürəti göstərilir. Bundan başqa, vaqonlarda "wi-fi" da fəaliyyət göstərir ki, sərnişinlər rahat şəkildə internetdən istifadə edə bilsinlər. Qatarlarda sanitar qovşaqları, sərnişinlərin kiçik həcmli baqajları üçün xüsusi yerlər də var. Qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur. 4 vaqondan ibarət qatarda Birinci class (9 yer), Biznes (62 yer) və Standart (296 yer) olmaqla, cəmi 367 oturacaq var.

Qatar səssiz hərəkət etdiyindən və oturacaqlar çox rahat olduğundan özümüzü qatarda deyil, sanki təyyarədəki kimi hiss edirdik.

Qatar yerindən tərpənərək, sürətini artırdıqca vətəndaşlar üçün yaradılan yüksək komfortu hiss etməmək, onu qiymətləndirməmək mümkün deyil.
4 saata nəzərdə tutulan məsafəyə sürət qatarı 3 saat 46 dəqiqəyə çatdı. Gəncəyə çatan sürət qatarınnı  izdiham gözləyirdi. Gəncənin icra başçısı Niyazi Bayramov və şəhər ictimaiyyətinin nümayəndələri bizi vağzalda qarşıladı. Vağzal ətrafında təntənəli bayram əhval-ruhiyyəsi var idi.

Mərasimdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, bu gün yalnız Gəncə şəhərinin deyil, bütövlükdə ölkəmizin həyatında əlamətdar hadisədir. 

"Bu sürət qatarının istifadəyə verilməsi Prezident İlham Əliyevin Gəncəyə olan diqqətinin növbəti bariz nümunəsidir. Gəncə Qafqazın ən gözəl şəhərlərindən biridir. Dünyanın ən yüksək standartlarına cavab verən beynəlxalq hava limanı, yeni yollar, təhsil ocaqları Gəncədəki inkişafın göstəricisidir. Bu gün isə onların sırasına biri də əlavə olundu. Biz çox sevinirik ki, belə sürət qatarı məhz Gəncə istiqamətində istifadəyə verilib", - deyə N.Bayramov vurğuladı.

“Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bu sürət qatarını Gəncəyə deyil, gələcəyə yol açan bir qatar kimi səciyyələndirib:

"İnkişafa, uğura gedən bu qatarın açılışı Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsində reallaşıb. Azərbaycan dəmir yolları daha da inkişaf edəcək, ilk olaraq Gəncəyə gedən sürət qatarı gələcəkdə Ankaraya qədər uzanacaq".

 QSC-nin sədri əlavə edib ki, ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tövsiyyələrinə uyğun olaraq qatarın rəngi və dizaynı seçilib.

Daha sonra Milli Məclisin deputatı Musa Quliyev bu uğurlu layihənin reallaşdırılmasının əhəmiyyətindən danışıb, xalqımızın iqtisadi sahədə daha böyük uğurlar əldə edəcəyinə inandığını söyləyib. Millət vəkili xüsusi vurğulayıb ki, sürət qatarı gəncəlilərə prezident İlham Əliyevin hədiyyəsi və xüsusi ərmağanıdır.

Tədbirdə, həmçinin Gəncə hadisələrində şəhid olan polis polkovniki İlqar Balakişiyevin oğlu, gənc dəmiryolçu İlham Balakişiyev çıxış edib. “Azərbaycan Dəmir Yolları" QSC-nin əməkdaşı olan İ.Balakişiyev bugünkü hadisənin nəqliyyat tarixində böyük əhəmiyyətə malik olduğunu bildirib. Sonra Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı ilə Gəncəyə gələn məşhur müğənnilər konsert proqramı ilə çıxış ediblər.