"Nazirliyin çıxardığı qərar əsasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları ərazidəki 2 ağacı qaydalara uyğun şəkildə başqa əraziyə köçürüblər”.

 Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Unikal.org-a açıqlamasında prosedurların tam qaydalara uyğun aparıldığını təsdiqləyib:

“Sözügedən ərazidən ağacların başqa əraziyə köçürülməsinin əks olunduğu görüntülər mətbuata təqdim olunub. Ərazidən iki ağacın – 1 ədəd zeytun, 1 ədəd şamın kəsilib, qalanları isə Motodrom kimi tanınan ərazidə yerləşən tinglik sahəsinə köçürülüb”.

“Yaşıllıqların götürülməsi Qaydası” Nazirlər Kabineti tərəfindən 2016-cı ildə təsdiqlənib. Qaydalara görə, yaşıllıqların köçürülməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. 

Yaşıllıqların götürülməsinə dair rəydə yaşıllıqların yerinin dəyişdirilməsinin (kökündən çıxarılmasının) və ya bərpa edilməsi şərtilə kəsilməsinin məqsədəuyğunluğu əsaslandırılmalı, götürülən yaşıllıqların növü, sayı, cinsi, yaşı, diametri, hündürlüyü, bioloji vəziyyəti və gül-çiçək və ot bitkilərinin sahəsi barədə məlumatlar əks olunmalı, həmçinin rəydə müvafiq şərtlər (aqrotexniki, mövsümi, vegetativ və s.) nəzərə alınmaqla işlərin icra müddəti müəyyənləşdirilməlidir. Yaşıllıqların yerinin dəyişdirilməsində (kökündən çıxarılmasında) aşağıdakı tələblər nəzərdə tutulur:

- ağac və kolların yeri dəyişdirilərkən (kökündən çıxarılarkən) onların kök sisteminin zədələnməməsi və yeni şəraitə uyğunlaşma qabiliyyətinin artırılması üçün gövdənin diametri 5 sm-ə qədər olan ağac və kolların torpaq topasının kvadratının diametri və ya tərəflərin ölçüləri 70 sm-dən az olmamalıdır. 
Gövdəsinin diametrinin hər bir santimetr böyüməsinə müvafiq olaraq torpaq topasının ölçüləri 10-13 sm artırılmalıdır. Diametri 15 sm-dən böyük olan ağacların yeri dəyişdirilərkən (kökündən çıxarılarkən) torpaq topasının ölçüləri 2,4x2,4x0,95 metr olmalıdır (ağac və kolların nisbi sükunət dövrlərində köçürülməsi zamanı onların kök ətrafı torpaq topası ilə birlikdə köçürülməsi zəruri deyildir);

- vegetasiya dövründə yeri dəyişdirilən (kökündən çıxarılan) ağacların çətiri və kök sistemi boy stimulyatorları ilə işlənməlidir;

- sağlam, yaxşı inkişaf etmiş, böyük mexaniki və donvurma zədələri, quru təpəsi olmayan, eyni zamanda çətirinin 10-15 faizindən çox sahəsi qurumamış ağacların yeri dəyişdirilə (kökündən çıxarıla) bilər;

- iyun, iyul və avqust aylarında və havanın temperaturu 25-dən yuxarı olan vaxtlarda ağac və kolların yeri dəyişdirilə (kökündən çıxarıla) bilməz;

-  qurumuş, təpəsi qurumuş, çürümə, nekroz-xərçəng xəstəliklərinin əlamətləri olan, təhlükəli zərərvericilərlə sirayətlənmiş, diametri 25 sm-dən və hündürlüyü 9 metrdən böyük olan və 4 metr hündürlüyə qədər budaqlanmayan ağacların yeri dəyişdirilə (kökündən çıxarıla) bilməz;

- ağac və kolların yeri dəyişdirilən (kökündən çıxarılan) zaman forma vermə, sanitar və cavanlaşdırma məqsədi ilə onlar budanmalıdır.

xxx

15:25
"Yaşam Residence" Nəsimi rayonu, "Memar Əcəmi" metrostansiyasının yaxınlığında ağacların köçürülməsinə münasibət bildirib. 
Şirkətin icraçı direktoru Elşən Mahmudov Unikal.org-a açıqlamasında bildirib ki, Nəsimi rayonu 20 yanvar küçəsi, 30 ünvanda ərazidə ağacların qırılması xəbəri həqiqətə uyğun deyil. 
“2006-cı ildə şəxsi mülkiyətimizə verilmiş torpaq sahəsində tikinti aparılması üçün lazım olan bütün sənədlər toplanılıb, müvafiq qurumlara göndərilib. Bununla belə, layihədə plana düşən ağaclar qanun çərçivəsində sənədləri toplanaraq, köçürülməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət olunub. Müraciətimiz əsasında, Birliyin əməkdaşlarının iştirakı ilə ağaclar sözügedən ərazidən çıxarılaraq, başqa bir ərazidə əkilib”.

15:04

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Unikal.org-a bildirib ki, sözügedən ərazi ilə bağlı nazirlik əməkdaşları tərəfindən araşdırma aparılır. 

Asif Əsgərov Bakının Nəsimi rayonuna icra başçısı təyin olunandan yaşıllıqların qırılması kütləviləşib və intensivləşib. İcra başçısı şəhərin mərkəzi rayonunda meşəlikləri tikinti şirkətlərinə qurban edir.

Unikal.org-un əldə etdiyi məlumata görə, Bakının Nəsimi rayonu, "Memar Əcəmi" metrostansiyasının yaxınlığında "Yaşam Residence"  tərəfindən inşaa edilən hündürmərtəbəli binanın ərazisində yerləşən ağaclar qırılaraq məhv edilib. 

Ötən aydan mətbuatın diqqətində olan sözügedən ərazidə “Yaşam residence” MTK tərəfindən şam ağacları məhv edilib, yerində bina tikintisinə başlanılıb. Maraqlısı ondadır ki, ağaclar bayram günləri qırılaraq daşınıb. Bir sözlə, “Yaşam residence” MTK ərazini hasarlayıb, zeytun ağacı məhv edib, yerində tikinti aparır.