Hakimiyyətlə müxalifət bir araya gəlir
Hakimiyyətlə müxalifət bir araya gəlir

Dialoqa hazırlıq görülür

Həbsdən azad edilən zabit Ramil Səfərovla bağlı proses hələ də davam edir. Bu dəfə müzakirə ölkə daxilində ki, siyasi partiyalar arasındadır.

Belə ki, bu günlərdə Yeni Azərbaycan Partiyası ölkədə ki, bütün siyasi partiyalara müraciət edərək Ramil Səfərovun azadlığa buraxılmasına etiraz edən beynəlxalq təşkilatlara qarşı birgə bəyanat verməyə çağırdı. Son zamanlar iqtidar müxalifət münasibətlərində yaranmış gərginliyə görə belə bir ehtimal var idi ki, müxalifət hakimiyyətin təşəbbüsünə müsbət cavab verməyəcək. Bunu da xatırladaq ki, əksər beynəlxalq təşkilatlar erməni lobbisinin təsiri ilə Ramil Səfərovun yenidən həbs olunması ilə bağlı bəyanatlar verdilər və gözlənilir ki, Avropa Şurasının parlament Assambleyasında bununla bağlı qərarda çıxarılsın. Amma bu basqılara cavab olaraq prezident İlham Əliyev sərt şəkildə bildirdi ki, Azərbaycan öz vətəndaşını qoruyur və hər bir şey beynəlxalq hüquq normalarında həll edilib və heç bir ölkə Azərbaycana təzyiq edə bilməz. Beləliklə rəsmi Bakı sərt açıqlama versədə siyasi partiyalar məsələyə köklü reaksiya verməmişdilər. Bunu nəzərə alan YAP-da belə təşəbbüs qaldırdı. Və maraqlıdır ki, bu təşəbbüs hətta AXCP və Müsavat tərəfindən də müsbət qarşılandı. Və sənəd imzalandı. Amma qəribədir ki, hakimiyyətə yaxınlığı ilə seçilən bəzi müxalif qurumlar və bəzi yazarlar buna etiraz etdilər. Dünənə qədər hakimiyyətlə gizli iş birliyində olduğu bildirilən Ümid partiyası belə müxalifəti ittiham etdi. Amma bunlara cavab YAP-dan yox elə müxalifətin özündən gəldi. "Əfsuslar olsun ki, Ramil Səfərovun müdafiəsi ilə bağlı toplantıda iştirak edən və Avropa Parlamentinin qətnaməsinə qarşı bəyanata AXCP və Müsavatın YAP-la birlikdə imza atması "stəkanda fırtına" yaradıb". Bu sözləri AXCP sədrinin müavini Razi Nurullayev bildirib və"daha sonra deyib: "AXCP hər zaman Ramil Səfərovu müdafiə edib və hər zaman milli maraqlar uğrunda mübarizə aparıb. Avropa Parlamentinin Ramil Səfərovla bağlı qətnaməsi ədalətsiz idi və bu ədalətsizliyə biz də etiraz etdik. Çünki, ASALA terrorçusu Ermənistana ekstradisiya olunursa və əfv edilirsə, Avropa isə buna göz yumursa, affekt vəziyyətdə erməni zabitini öldürən Azərbaycan zabitinə isə ədalətsiz ömürlük qərar çıxarılırsa və bu ədalətsizlik Azərbaycan xalqının iradəsi ilə aradan qaldırılırsa, niyə biz susmalıydıq?
Bəli, qəbul edirəm ki, YAP-ın hazırladığı qətnamədə "nüfuzlu qurumlarda layiqincə təmsil olunmuş" ifadəsindəki "layiqincə" sözü nəzərimizdən qaçmışdı. Bu bir sözdən başqa o qətnamədə bir xəta yox idi. Bu gün YAP görüşdə təklif olunan son variantı göndərdi və AXCP "layiqincə" sözünün çıxarılmasına israr etdi. Bu məsələ də həll olundu və mətndən çıxarıldı. Artıq son variantda "layiqincə" sözü yoxdur.
Nəzərdən qaçırılmış bir sözə görə bu qədər "fırtına" yaratmağa dəyərdimi? Dostlarımızın bu "firtına"ya qoşulmasına isə üzülürük. Sadəcə üzülürük. Amma, biz o qətnaməyə prinsipial əlavə təqdim etmişdik. AXCP-nin təklifi ilə qətnaməyə Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Cənubi-Qafqaz ölkələri ilə Assosiativ sazişə Azərbaycan sadiqliyini bəyan etməsi əlavə edilib. Bu əlavənin özü çox mətləblərdən xəbər verir. Azərbaycanın iqtidar partiyası olan YAP bu sazişə sadiqliyini bəyan edir. Bu saziş isə Azərbaycanın tam demokratikləşməsini, iqtisadiyyatının liberallaşmasını, azad və şəffaf seçkilərin keçirilməsini nəzərdə tutur.
Hələ toplantıda da çıxışımda dedim ki, AXCP Avropa parlamentinin insan hüquqları və demokratiya sahəsində qəbul etdiyi qətnamələri birmənalı qəbul edir.
Çox üzülürəm ki, bir çox dostlarımız və həmkarlarımız yanlış mövqe ortaya qoyurlar. Ramil Səfərovu müdafiə etmək eyib deyil. Biz doğru olanı etdik".Bəzi ekspertlər bildirir ki, iqtidar və müxalifətin bir araya gəlməsi üzdə müxalifətçi,arxada hakimiyyət yönlü görünən partiyaları narahat edib. Çünki bu əməkdaşlıq nəticəsində mövqeyi bəlli olmayan bu tip partiyalar sıradan çıxacaq. Bunu da əlavə edək ki, hakimiyyət və müxalifətin bir araya gəlməsindən sonra Prezident Admnistrasiyasının şəbi müdri Əli Həsənov bildirdi ki, hakimiyyətlə müxalifət arasındakı dialoq bundan sonrada davam etdirləcək. Bunu da xatırladaq ki, bir neçə ay öncə hakimiyyət müxalif yönlü QHT rəhbərləri ilə də görüş keçirtdi və görüş kifayət qədər səmərəli oldu. Hesab etmək olar ki, bu gün siyasi meydanda yeni proseslərə start verilib.
Mehdi Əli