“Nissan” şirkətinin sabiq rəhbəri Karlos Qon həbs edilməsinin səbəbini eşitmək üçün yanvarın 8-də şəxsən Tokio dairə məhkəməsinə gələcək.

Unikal.org azərtac-a istinadən xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb. Məlumatda qeyd edilir ki, bu barədə sorğu K.Qonun vəkilləri tərəfindən Tokio dairə məhkəməsinə göndərilib. Qanuna əsasən, məhkəmə belə sorğu daxil olduqdan sonra beş gün ərzində açıq dinləmə keçirməlidir.

Dinləmə yerli vaxtla saat 10:30-da başlamalıdır. Müdafiənin nümayəndələrinin bildirdiyinə görə, K.Qon şəxsən məhkəmədə iştirak etmək niyyətindədir.

Xatırladaq ki, dekabrın 31-də Tokio dairə məhkəməsi K.Qonun həbsdə saxlanmasının müddətini daha 10 gün – yanvarın 11-dək uzadıb.

K.Qon və onun yaxın köməkçisi Qreq Kelli noyabrın 19-da həbs olunublar. Həbsin səbəbi kimi, K.Qonun Q.Kellinin köməyi ilə öz gəlirlərini bəyan etməməsi göstərilir. 2010-2017-ci illərdə bəyan edilməmiş məbləğin 8 milyard yen (təqribən 71 milyon dollar) təşkil etdiyi bildirilir. K.Qon təkidlə bildirir ki, onun gəlirlərini gizlətmək niyyəti olmayıb.