Şimali Koreyanın İtaliyada müvəqqəti işlər vəkili Ço Son Gil səlahiyyət müddətinin başa çatmasına bir neçə gün qalmış yoxa çıxıb.

Unikal.org bildirir ki, bu barədə Cənubi Koreyanın kəşfiyyat xidməti ölkə parlamentinə məlumat verib. Bildirilib ki, Ço Son Gil 2017-ci il oktyabrın 9-dan Şimali Koreyanın İtaliyadakı səfirliyində çalışmağa başlayıb. Onun səlahiyyət müddəti 2018-ci il noyabrın 20-də başa çatacaqmış. Lakin Ço Son Gil həyat yoldaşı ilə birgə elə həmin ayın əvvəlində yoxa çıxıb.

Cənubi Koreya mətbuatı diplomatın dekabr ayının əvvəlindən Qərb ölkələrindən sığınacaq xahiş etdiyini və İtaliya hökumətinin himayəsində olduğunu yazıb.

İtaliya Xarici İşlər Nazirliyindən ANSA-ya bildirilib: "Şimali Koreyanın heç bir hökumət qulluqçusu İtaliyadan sığınacaq istəməyib".