Ərdəbildə tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Unikal.org axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumat verən Lisaninin yaxınları onun bu gün Ərdəbildə evindən iş yerinə gedərkən həbs olunduğunu bildiriblər.

Ərdəbil İnqilab Məhkəməsi 2018-ci il dekabrın 31-də fəala SMS göndərərək Babək qalası mərasimi ilə bağlı dosyeyə görə 10 ay həbs cəzasına məhkum edildiyini bildirib.

Bundan əvvəl hökmlə bağlı dəqiq məlumat olmadığı üçün fəalın ailəsi məhkəmənin hökmləri icra edən şöbəyə müraciət edib. Onlara bildirilib ki, fəal Təbriz zindanında keçirmək şərti ilə 10 ay həbs cəzasına məhkum edilib.

Abbas Lisani qiyabi hökmlə nəticələnən məhkəmə prosesini siyasi xarakterli və qanunsuz adlandırıb. O bildirib ki, qeyri-rəsmi və qanunsuz şəkildə məhkəməyə çağırıldığına məhəl qoymadığı kimi, hökmün icra olunması mərhələsində də müqavimət göstərəcək. Ona görə ki, ETTELAAT və məhkəmə sisteminin rüsvayçı hökmünün icra tərzi, zaman və məkanı onların istəyinə uyğun olmamalıdır.

Tanınmış fəal 2018-ci il iyulun 1-də Babək qalası yürüşü ərəfəsində Ərdəbildə saxlanılaraq ETTELAAT-ın Təbriz İdarəsinin təcridxanasına, oradan isə Təbrizin Mərkəzi zindanına aparılıb.

Fəal saxlandığı zaman Təbriz Məhkəməsinin 11-ci Şöbəsi onun “mərhum Həsən Dəmirçinin dəfn mərasimində çıxış etməklə sistemin əleyhinə təbliğat aparmaq”da ittiham olunduğunu elan edib.

İyul ayında keçirilən məşhur Babək qalası mərasimi ilə əlaqədar qalada və Güney Azərbaycanın müxtəlif şəhərlərində onlarla milli-mədəni fəal saxlanmışdır.

Beynəlxalq Əfv Təşkilatı avqust ayında türk, fars və ingilis dillərində Babək qalası yürüşü və Savalan dağında tutulan azərbaycanlı fəallarla bağlı bəyanat yayaraq, təcridxanalarda saxlanılan fəalların qeyd-şərtsiz azadlığa buraxılması və digər tutulan fəallara bəraət verilməsini tələb edib.