Rusiyanın Stavropol diyarı ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 8 Azərbaycan vətəndaşı xəsarət alıb.

Unikal.org "TASS" agentliyinə istinadla xəbər verir ki, Azərbaycan vətəndaşlarını Moskvaya aparan "Mercedes” markalı avtobus Koçubey-Zelenokumsk-Mineralnıe Vodı avtomobil yolunda aşıb. İlkin məlumata görə, nəqliyyat vasitəsinin aşmasının səbəbi sürücünün idarəetməni itirməsi olub.

Qəza nəticəsində xəsarət alan səkkiz nəfər Levokumsk və Budyonovsk rayonlarının xəstəxanalarına çatdırılıb. Stavropol diyarının Yol Hərəkəti Təhlükəsizliyi Dövlət Müfəttişliyindən bildiriblər ki, yaralıların hamısı və sürücü Bakı sakinləridir.

Yol-nəqliyyat hadisəsinin səbəbləri dəqiqləşdirilir.

xxx

Rusiyanın Stavropol diyarında Azərbaycan vətəndaşlarını daşıyan mikroavtobus aşıb.

Unikal.org  RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb.

"Saat 10.45-də (Bakı vaxtı ilə 11:45) Levokumski kəndinin 1 kilometrliyində Azərbaycan-Moskva marşrutu ilə Azərbaycan vətəndaşlarını daşıyan "Mercedes" markalı marşrut mikroavtobusunun aşması barədə məlumat daxil olub", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, mikroavtobusda 13 nəfər olub:

"İlkin məlumata görə, 6 nəfər yaralanıb. Xəsarət alanlar Levokumski rayon xəstəxanasına aparılıb. Yanğın olmayıb, yol bağlanmayıb".