Türkiyədə 1 yanvar tarixindən etibarən ödənişli şəkildə verilən polietilen sellafonlar ölkə gündəmini zəbt edib.

Unikal.org xəbər verir ki, əhalinin bir qismi bu qərara etiraz edib polietilen sellofanları boykot etsə də, digər qismi ətraf mühitin qorunması məqsədilə qərara dəstək çıxır.

Belə ki, Malatya şəhərində yaşayan bir vətəndaş sellofanlarla bağlı yeni kampaniya başladıb. O, 10 ədəd sellofan gətirənə 1 kq portağalı pulsuz verir. 15 ildir satıcı işləyən İrfan Yılmaz bildirib ki, böyük marketlər də bu kampaniyaya qoşulmalıdır: Əgər təbiət və ətraf mühit düşünülürsə, 10 ədəd sellofan gətirənə 1 ədəd çörəyi pulsuz versinlər. Ya da 10 ədəd istifadəyə yararlı olmayan batareya gətirənə 4 ədəd təzə batareya versinlər".

Qeyd edək ki, Ekologiya və Şəhərsalma Nazirliyi ətraf mühitin qorunması məqsədilə polietilen torbaların ölkə miqyasında 25 qəpikdən satılması qərarı qəbul edib. Sellofanları bu qiymətə satmayanlar isə cərimə ediləcək. (publika.az)