Qazaxıstanın Karaqanda vilayətində qətldə şübhəli bilinən Narek Quruyan hakimiyyət orqanlarına təslim olmağa hazırdır. 

Unikal.org xəbər verir ki, bu barədə o, yaydığı videomüraciətdə bildirib.

Xatırladaq ki, Qazaxıstandakı erməni diasporunun üzvü olan Quruyan yanvarın 1-də 23 yaşlı qazax gəncin döyülərək və bıçaqlanaraq öldürülməsində şübhəli bilindiyi üçün axtarışa verilib. İndiyədək 2-si erməni, biri qazax olmaqla üç nəfər saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib.

N.Quruyan Qazaxıstan hakimiyyətinə təslim olmağa hazır olduğunu desə də, iddia edib ki, qətllə əlaqəsi yoxdur. “Mən, 30 mart 1997-ci ildə anadan olmuş Quruyan Narek Ovnanoviç ilk növbədə həlak olanın ailəsinə başsağlığı verirəm. Demək istəyirəm ki, heç vaxt heç kimi öldürməmişəm. Həmin gecə “Qədim Roma” restoranındakı kütləvi davada iştirak etmişəm, amma heç kimi öldürməmişəm. Mən Qazaxıstan hökumətinə təslim olmağa hazıram, amma xahiş edirəm ki, hakimiyyət mənim təhlükəsizliyimə təminat versin və istintaq şəffaf aparılsın. Mən öz əməllərimə görə cavabdehlik daşımağa hazıram, amma başqasının günahını öz üzərimə götürmərəm. Mən qatil deyiləm”, - N.Quruyan müraciətində bildirib.

Qeyd edək ki, Yeni il şənliyi zamanı qazax gəncin öldürülməsini əks etdirən kadrların yayılmasından sonra Karaqandada minlərlə sakin küçələrə axışıb və onlar ermənilərin vilayətdən qovulmasını tələb edib, bunun üçün üç gün vaxt qoyublar.

Erməni diasporu və Ermənistan hakimiyyəti hadisədən ciddi narahatlıq keçirib. Ermənistan səfirliyi və Qazaxıstandakı erməni diasporu bəyanat yayıb, qətlə yetirilən gəncin ailəsinə başsağlığı verib, həmçinin sakitliyə çağırış ediblər. Ermənistan XİN rəhbəri də qazax həmkarı ilə telefon əlaqəsi yaradıb. Baş nazir əvəzi Nikol Paşinyan hadisə ilə bağlı narahatlığını ifadə edib.

Maraqlıdır ki, hadisədən sonra bir qrup qazax azərbaycanlılara məxsus "Bakı" restoranına hücum edib, oranı dağıtmaq istəsələr də, sonradan bu obyektin ermənilərə məxsus olmadığını bildikdə fikirlərindən daşınıblar. Güman olunur ki, onlara bu ünvanı nişan verən elə ermənilər özləri olub.(musavat.com)