“Bütün daxili və xarici müqavimətə baxmayaraq, Prezident 2019-cu ildə islahatları dərinləşdirməlidir”.     
Bu fikirləri Unikal.org-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev deyib. Onun sözlərinə görə, bu islahatlara qarşı çıxan həm daxildə, həm də xaricdə qüvvələr, eləcə də xaricdə ermənipərəst qüvvələr var: “Həmçinin, xristian həmrəyliyi mövqeyindən çıxış edən qüvvələr mövcuddur. Onlar çox çalışırlar ki, Azərbaycanda islahatlar dərinləşməsin. Bilirlər ki, bu islahatlar Azərbaycanın beynəlxalq imicinin güclənməsinə, nüfuzunun artmasına gətirib çıxaracaq. İqtisadiyyatının rəqabətə davamlı, güclü olmasını təmin edəcək. Ona görə də onlar çalışırlar ki, bu və ya digər formada daxili qüvvələrdən istifadə etsinlər, prezidentə təhdid etməklə və təzyiq göstərməklə bu islahatın qarşısını alsınlar. Belə olacağı təqdirdə Azərbaycanı beynəlxalq aləmdə geri qalmış, insan haqlarının pozulan, avtoritar rejimin hökm sürdüyü müsəlman ölkəsi kimi təqdim etmək istəyirlər. Belə olacağı təqdirdə də, dünya birliyi Qarabağ məsələsində Azərbaycana dəstək verməz. Bu ermənipərəst və və bizi istəməyən düşmən dövlətlərin istəyidir. Daxildəki qüvvələr isə vaxtı ilə bu iqtidarın tərkibində müəyyən xidmətləri olub. İndi artıq bəziləri dövrün çağrışlarına cavab verə bilmirlər və onlar da bu islahatlara qarşı çıxırlar. Çünki onlar özlərini indiki şəraitdə daha rahat hiss edirlər”. 
Partiya sədri onu da deyib ki, islahatlar dərinləşdikcə korrupsiyaya qarşı mübarizənin effektivliyi artacaq, qanunların aliliyi daha ciddi formada təmin olunacaq: “Bu da məhz indiyə qədər özünü daha sərbəst aparan bəzi vəzifəli şəxsləri təmin etmir. Ona görə də onlar çalışırlar ki, həm müxalifətin daxilindəki müəyyən dağınıq vəziyyətdə olan qüvvələri səfərbər etsinlər, onların vasitəsi ilə Prezidentə təsirlər göstərsinlər. Həm də müəyyən adamları - şizofrenik, tərbiyəsiz, kriminal elementləri ölkədən kənara çıxarıb onların vasitəsi ilə prezidenti, ailəsini, ona yaxın adamları təhqir etdirirlər. Yəni, həmin o xarici qüvvələrlə daxili qüvvələr birləşib”. 
Q.Həsənquliyev müxalif düşərgədə yaradılan yeni birliklə bağlı da fikirlərini bölüşüb. Onun fikrincə, yaradılan Xalq Hərəkatına xoş niyyətlə qoşulan insanlar da var: “Mən, həmişə demişəm ölkədə güclü müxalifətə ehtiyac var. Həmişə demişəm ki, bizim bir çox problemlərimiz ölkədə güclü müxalifətin olmamasından qaynaqlanır. Amma orada olanlardan çoxunu tanıyıram, bu səbəbdən də deyə bilərəm ki, onlar öz iradəsi olmayanlardır. Hamısına şamil etmirəm. Onlar kənardan idarə olunan, kiçik bir maliyyə qarşılığında tapşırıq alıb onun icrası ilə məşğul olan adamlardırlar. Bu baxımdan düşünürəm ki, onların hamısının məqsədi prezidentə təzyiq göstərməkdir. Amma yenə deyirəm, Qarabağa görə qoşulduğunu düşünən insanlar da var. Məqsəd Prezidentə təzyiq göstərməkdir. Xatırlayırsınızsa, Milli Şura dağılandan sonra muxalifətin birliyi barədə söhbət gedəndə MŞ-nin rəhəbrliyi deyirdi ki, “Biz heç kimi MŞ-dən qovmamışıq, kimgedibsə qayıdıb gələ bilər”. Bunu son 1 həftədə mütəmadi olaraq vurğulayırdılar. Amma gördünüz bu ərəfədə həmin o sözü deyən adamlar qapı-qapı düşdülər. Biri getdi İlqar Məmmədovun qapsına, digəri Arif Hacıyevin qapısına... Niyə? Çünki tapşırıq gəlmişdi. Burada uzlaşma, maraqlar var. Dediyim kimi, həm daxildə müəyyən ermənipərəst qüvvələr var. Onlar qorxurlar. Çünki prezident qətiyyətlə bildirmişdi ki, 2019-cu ildə Qarabağın azad olunması istiqamətində müəyyən addımlar atılacaq. Narahatdırlar ki, birdən Prezident müharibə elan edər. Həm də islahatların dərinləşməsindən əmələ gələn qorxudur. Təbii olaraq öz missiyasını başa vurmuş kadrlar artıq dəyişməli, yenilənməlidir. Yeni insanlar vəzifəyə gəlməlidir. Yəqin ki, prezident bununla bağlı müvafiq qərarlar hazırlayır, qəbul olunacaq. Bəzi qanunlara da dəyişiklik olunacaq - Vəzifəli şəxslərin rotasiya olunması məsələsi... Belə ki, bir adam eyni vəzifəni tutub uzun müddət qalmasın. Bu narahatçılıqlar var, bundan da çıxış edərək aşağı səviyyədə müəyyən təxribatlar davam edir”.

Orxan Həsənli