Səlim Müslümov nədən narahatdır?
Səlim Müslümov nədən narahatdır?

Fond sədri işçiləri üzərində nəzarəti gücləndirir

Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planına və Fondun yerli orqanlarında icra intizamının gücləndirilməsinə həsr olunan geniş kollegiya iclası keçirilib. İclasda fondun sədri Səlim Müslümov dövlət orqanlarının fəaliyyətinin müasir standartlara uyğun təkmilləşdirilməsi məqsədi ilə 2007-2011-ci illərdə "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" çərçivəsində DSMF-də görülən işlərdən danışıb.

Fond sədri bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunan Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı dövlət orqanlarının fəaliyyətində şəffaflığın daha da artırılmasına xidmət edir. O, Milli Fəaliyyət Planı çərçivəsində Fondda həyata keçirilməsi nəzərdə tutulan tədbirlərdən danışaraq, şöbə müdirlərinə müvafiq tapşırıqlar verib.
İclasda Fondun yerli orqanlarında icra intizamının gücləndirilməsi sahəsində həyata keçiriləcək tədbirlər, həmçinin mövcud problemlər və qarşıda duran vəzifələr ətraflı müzakirə olunub, Fondun yerli orqanlarının fəaliyyətlərində nöqsanlara yol verən vəzifəli şəxsləri barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün qərarlar qəbul edilib.
Kollegiya iclasında Fondun orqanlarının fəaliyyətində şəffaflığın artırılması, ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni texnologiyaların tətbiqi, vətəndaşların müraciətlərinin operativ şəkildə araşdırılması, ərizə və şikayətlərə baxılması işinin təkmilləşdirilməsi istiqamətində görüləcək tədbirlər nəzərdən keçirilib və bu məsələlərlə bağlı bir sıra qərarlar qəbul olunub.
Müşahidəçilər hesab edirlər ki, DSMF sədrinin əndişəsi və bu əndişədən doğan nəzarəti artırmaq meylləri təbiidir. Prezident seçkiləri öncəsi iqtidar içində qrup savaşlarının artacağını, iri məmurların bir-birlərini zəiflətmək və seçkidən sonra formalaşdırılacaq yeni hökumətdə təmsil olmaq şanslarını azaltmaq üçün hərəkətə keçəcəyini bilən Səlim Müslümov işini indidən ehtiyatlı tutmaq, xüsusilə işçilərinin rüşvət və korrupsiya kimi həssas məsələlərdə yol verə biləcəkləri yanlışları önləmək üçün bəri başdan DSMF və onun yeni orqanlarında nəzarəti artırmaq istəyir.
Bu həm də o deməkdir ki, DSMF sədrinin işçilərinə etibarı yoxdur. Onların hər an "iştahlarını" boğa bilməyəcəklərindən və beləliklə onun nüfuzunu zərbə altına qoyacaqlarından çəkinir. Bu isə DSMF-də idarəetmənin düzgün qurulmadığının, Fondda rüşvət və korrupsiya üçün münbit şəraitin qaldığından xəbər verir.

Ülviyyə Qasımlı