Qara dənizin Samsun sahillərində “Volgabalt 214” gəmisinin qəzaya uğraması nəticəsində ölən Azərbaycan vətəndaşı - gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunun cəsədi tapılıb. 

Türkiyənin Samsun şəhərinin Dəniz Axtarış Xilasetmə Mərkəzindən Unikal.org-a verilən məlumata görə, Turbat İsmayılovun cəsədi bu gün səhər saatlarında batan gəminin içindən tapılıb. Bununla belə, qəza nəticəsində itkin düşən 31 yaşlı üçüncü kapitan Bodnik Ruslan, gəmi təmirçisi Krepts Dmytro və gəminin elektrik işləri üzrə əməkdaşı Vyovozs Isytrosyasın cəsədi tapılıb. 

Turbat İsmayılov və digər üç şəxsin cənazəsi müayinə olunmaq üçün Samsun şəhəri Təhsil və Araşdırma Xəstəxanasının morquna göndərilib. Azərbaycan vətəndaşı - gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunun cənazəsi müayinə olunduqdan sonra günün ikinci yarısından sonra yaxınlarına təhvil veriləcək. 

Qeyd edək ki, hadisə nəticəsində dünyasını dəyişən daha bir Azərbaycan vətəndaşı - gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlunun cənazəsi  bu gecə Bakıya gətirilməsi gözlənilirdi.