Berlin Texniki Universitetinin doktorantı, Almaniyanın Potsdam Universitetinin və Azərbaycan Dillər Universitetinin məzunu Günel Babayeva son günlər rektor Kamal Abdulla ilə dekan Vüsalə Ağabəyli arasında baş verən qalmaqala münasibət bildirib.

Unikal.org Almaniyada təhsil alan doktorantın mövqeyini təqdim edir:

“Bir neçə gündür ölkə mətbuatında gündəm olan Azərbaycan Dillər Universitetinin və professor Kamal Abdullanın adı hallanan, bir çox ittihamların yer aldığı yazıları mən də izləyirəm. Yəqin ki, xatırlayasınız, Berlin Texniki Universitetində üzərində çalışdığım elmi tədqiqat işimlə bağlı ADU-ya etdiyim müraciətin zamanında cavablandırılmaması ilə bağlı 2018-ci mart-aprel aylarında universitetin iki prorektoru ilə aramda müəyyən anlaşılmazlıqlar yaranmışdı və məsələni öklə Prezidentinə müraciət edərək ictimailəşdirmək məcburiyyətində qalmışdım.
Qeyd edim ki, sözügedən məsələdə ADU-nin bir prorektorunun həmin ərəfədə Almaniyadakı elmi rəhbərimə şikayət ünvanlanması nəticəsində elmi karyeram üçün əsassız olaraq təhlükə yaranmışdı. Məsələ Kamal Abdullanın müdaxiləsindən və şəxsən elmi rəhbərimə ünvanladığı mahiyyəti tərəflər arasında anlaşılmazlıq kimi qeyd edilən rəsmi müraciətindən sonra öz həllini tapdı.

Məlum oldu ki, yaranan xoşagəlməz vəziyyət Kamal müəllimin iradəsindən kənar, bir prorektorun özbaşınalığı nəticəsində baş veribmiş. Sorğu və müşahidələrin 2018- ci ilin payızında aparılması üçün tərəfimdən seçilmiş bir neçə məktəb və iki dövlət universitetinə Təhsil Nazirliyindən həmin dövlət təhsil müəssisələrinə mənim elmi-tədqiqat işimdə nəzərdə tutulan sorğuların keçirilməsi üçün şərait yaradılması ilə bağlı müraciət ünvanlanmışdı. Azərbaycan Dillər Universiteti və Bakı Slavyan universiteti həmin məsələ ilə bağlı mənə rəsmi icazələrini versələr də, Bakı Slavyan Universiteti məsələyə ciddi baxmadı.

Söhbətdən uzaqlaşmamaq üçün ADU ilə bağlı fikirlərimə qayıtmaq istəyirəm. Xüsusi olaraq vurğulamaq istədiyim bir məqam var: 2018-ci ilin payız aylarında Azərbaycan Dillər Universitetinin əksər fakultə və dekanları, eyni zamanda, dekanlıq əməkdaşları, alman dili öyərənən tələbə və bu dili tədris edən müəllimlər prof. Kamal Abdullanın göstərişi ilə mənə sorğu və müşahidələrin aparılması üçün tam demokratik şərait yaratdılar. Müəllimlər dərslərində müşahidələri nə zaman, hansı gün, hansı tarixdə keçirəcəyimlə bağlı öncədən məlumata sahib deyildilər. Sorğu edilənlərdən heç biri sorğunun sualları və məzmunu ilə öncədən məlumatlı deyildi. Məndən heç bir sorğu vərəqi də öncədən “senzura”dan keçmək üçün universitet tərəfindən tələb edilməmişdi. Bu isə öz növbəsində yəqin o deməkdir ki, professor Kamal Abdulla demokratik dəyərlərə rəhbərlik etdiyi universitetdə kifayət qədər sahib çıxır və elmin inkişafı üçün əlindən gələni əsirgəmir. Əgər bütün bunlarla şəxsən qarşılaşmasaydım, bəlkə də universitedə hal-hazırda gərgin vəziyyətlər yaratmağa çalışan dekan Vüsalə Ağabəyli ilə razılaşardım.  

Bu xanımın dedikləri mənə ona görə inandırıcı gəlmir ki, o, ADU-da yeganə dekan idi ki, sərgilədiyi kobud davranışdan dolayı ikinci dəfə mən onun kabinetinin qapısını döymək istəmədim və döymədim, elmi əhəmiyyət daşıyan suallarım cavabsız qalmaq təhlükəsində olsa da...”