Səməd Seyidova şok yoxlama zərbəsi
Səməd Seyidova şok yoxlama zərbəsi

Hesablama Palatası deputat-rektoru çətin vəziyyətə saldı

Azərbaycan Dillər Universitetinin hazırda Parisdə olan rektoru, millət vəkili Səməd Seyidov xoşagəlməz situasiya ilə üzləşib. Seyidovun rəhbərlik etdiyi ali təhsil müəssisəsi faktiki olaraq mənimsəmələrdə şübhəli bilinir. Söhbət nədən gedir?

Məsələ burasındadır ki, Azərbaycan Hesablama Palatasının son kollegiya iclasında dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən "Təhsil" bölməsi üzrə Azərbaycan Dillər Universitetinə ayrılmış büdcə vəsaitlərinin proqnozlaşdırılması və istifadə olunması üzrə auditin nəticələri müzakirə olunub. Palatadan verilən məlumata görə, universitetin məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına, ciddi maliyyə pozuntularına, çatışmazlıqlara, habelə saxtakarlıq və mənimsəmə hallarına yol verilməklə dövlətə külli miqdarda zərər vurulduğunu nəzərə alaraq Kollegiya tərəfindən auditin nəticələri üzrə materialların Baş Prokurorluğa göndərilməsi və bu barədə Milli Məclisə məlumat verilməsi qərara alınıb.
Kollegiya iclasında aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində ciddi tədbirlərin görülməsi məqsədi ilə Azərbaycan Dillər Universitetinə müvafiq təqdimatın və Təhsil Nazirliyinə müvafiq məlumatın göndərilməsi məsələsi də təsdiq edilib.
Hesablama Palatasının açıqlamasından çox keçməmiş məsələyə Səməd Seyidov da münasibət bildirib. O deyib ki, Hesablama Palatasının bu ali təhsil ocağında aşkarladığı ciddi maliyyə nöqsanları ilə bağlı açıqlama verəcək.
Səməd Seyidov bildirib ki, hazırda Fransanın paytaxtı Parisdə işgüzar səfərdə olduğundan məsələyə münasibət bildirə bilmir: "Hazırda Parisdəyəm. Hesabat verirəm. Ona görə də bu məsələ ilə bağlı heç nə deyə bilmərəm. Amma vətənə qayıdandan sonra Universitetdə aşkarlanan ciddi maliyyə nöqsanları ilə bağlı öz münasibətimi bildirəcəm".
Hər halda Seyidovun məsələyə olduqca çevik reaksiyası durumun qəlizliyindən xəbər verir. Deputat-rektor geniş danışmasa da, onun baş verənlərdən narahatlığı hiss olunur və aydın görünür ki, məsələ ciddidir.
Dünən mövzu ilə bağlı Dillər Universitetinə yaxın qaynaqlardan "Unikal"a belə bilgi daxil olub ki, Səməd Seyidov hətta Paris səfərini yekunlaşdıraraq təcili Azərbaycana dönməyə hazırlaşır: "O, mümkün qədər tez vətənə gəlmək istəyir, hətta səfərini yarımçıq da qoya bilər. Hesablama Palatasının yoxlamaları nəticəsində ortaya çıxan neqativ faktlar kifayət qədər ciddidir və istənilən kəskin sonuca açıqdır".
Bildirilir ki, Seyidov işin böyüməsinin qarşısını almaq üçün artıq Parisdən də Bakıdakı müəyyən dairələrlə təmasa keçib: "Səməd müəllim xüsusilə Hesablama Palatasının üzə çıxardığı mənimsəmələrlə bağlı bilgilərin Baş Prokurorluğa göndərilməsinin qarşısını almaqdır. Əks halda artıq onun və rəhbərlik etdiyi universitetin ətrafında hüquqi sürəcə start veriləcəkdir ki, bu da Səməd Seyidova xeyli baha başa gələ bilər".
Xatırladaq ki, Səməd Seyidov ilk dəfə deyil ki, korrupsiya ittihamı ilə qarşı-qarşıya gəlir. Belə ki, hələ bir neçə il əvvəl də deputat-rektor Maliyyə Nazirliyinin apardığı təftişlər sonucunda xoşagəlməz situasiyalarla üzləşmişdi. Həmin vaxt dillər Universitetində irimiqyaslı mənimsəmə faktları üzə çıxmış və Seyidovun "sağ əl"i olduğu iddia edilən Tahir Hüseynov adlı mühasibi həbs edilmişdi.
Həmin vaxt vəziyyətdən birtəhər çıxmağı bacaran Səməd Seyidovun indi də oxşar situasiya ilə qarşı-qarşıya qaldığını düşünsək, bu dəfə onun "bağışlanacağına" inanmaq çətindir. Hesab etmək olar ki, Hesablama Palatasının üzə çıxardığı maliyyə pozuntularından sonra rektor-deputat üçün də həm karyerasında yolun sonu görünəcək, həm də hətta azadlıqda olması belə, sual altına düşəcək.
Azər Aslan