Zorlamada təqsirli bilinən Mingəçevir şəhər sakinləri - 1995-ci il təvəllüdlü Əmir Bayramov və dostu, 1996-cı il təvəllüdlü Elmir Vəliyevin (cinayət işində adı keçən şəxslərin ad və soyadaları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Unikal.org Teleqraf.com-a istinadənx xəbər verir ki, Əmir Bayramov 2000-ci il təvəllüdlü Samirə Məmmədovaya təcavüz edib.

Sevdiyi qızdan qisas aldı

Belə ki, Əmir Bayramov sevdiyi qızın başqa oğlanlarla görüşməsini əsas gətirib, ondan qisas almaq məqsədi ilə sonuncuya qarşı təkbaşına seksual xarakterli zorakılıq hərəkətləri edib.

Habelə o, dostu Elmir ilə qabaqcadan əlbir olub, Samirənin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul tələb edib.

Xəyanət, yoxsa...

Müəyyən edilib ki, Əmir 2 dekabr 2015-ci il tarixdə, saat 16.00-da Samirənin telefonuna zəng edib, onu öz anası ilə tanış etmək adı ilə aldadıb və yaşadığı Mingəçevir şəhərində olan mənzilinə dəvət edib.

Əmir dostu Elmir və Ləman ilə birlikdə yaşadığı mənzilə gəlib. Bir qədər sonra Samirə də oraya gəlib.

Yataq otağında zorakılıq

Samirəni Elmir qarşılayıb, ona Əmir və Ləmanın yataq otağında olduqlarını, rəfiqəsi Ləmanın Əmir ilə birlikdə ona xəyanət etdiyini söyləyib.

Bu sözləri dəqiqləşdirmək üçün Samirə Əmirgilin olduğu otağa keçib. Orada Ləmanla Əmirin intim münasibətdə olduğunu görüb.

Bu səbəbdən onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Əmir Samirəyə bir-iki şillə vurub. Sonra Ləmanla Elmir otaqdan çıxıblar. Onları ardınca Əmir də otaqdan çıxsa da, Samirə otaqda qalıb.

Ləman və Əmir digər otaqda olduqları vaxt Elmir yenidən Samirənin olduğu yataq otağına qayıdıb. Bu vaxt Samirə Əmirdən qisas almaq məqsədilə Elmirlə cinsi əlaqədə olacağını deyib.

Seksual hərəkətlər

Amma həmin vaxt Elmir Samirə ilə intim əlaqədə olmaqdan imtina edib. Bir neçə dəqiqə sonra Əmir həmin otağa gəlib və Samirəni öz yataq otağına aparıb.

Yataq otağında Əmir Samirədən onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağı tələb edib. Samirə isə onun bu təklifindən imtina edib.

Bunun üçün o, Samirəyə qarşı zor tətbiq edərək onu vurub, sonra isə onu zorla soyundurub.

Cinsi əlaqədə oldu, dostu videoya çəkdi

Bu zaman Əmir Samirəyə qarşı zor tətbiq edib və onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

Əmir Samirəyə qarşı bu hərəkətləri edən zaman dostu Elmir həmin otağa girib, mobil telefonu ilə onları çəkməyə başlayıb. Samirənin etirazına baxmayaraq, onların intim əlaqədə olmalarını çəkib, telefonun yaddaşında saxlayıb.

Şantaj edib möhlət verdilər

Daha sonra Elmir həmin gün, axşam saat 19.00-da mobil telefonla Samirə ilə əlaqə saxlayıb. Onun barəsində həmin rüsvayedici görüntüləri Əmir ilə birlikdə yayacaqları ilə hədələyib.

Əmir bu videogörüntülərin məhv edilməsinin qarşılığında Samirədən hədə-qorxu ilə əvvəlcə 300 manat, sonrakı günlərdə isə 500 manat məbləğdə pul tələb edib.

Lakin Samirə ondan tələb olunan pulu tapa bilməyib. Bu səbəbdən Əmir və Elmir Samirəyə dekabrın 10-na kimi pulu düzəltməsi üçün vaxt veriblər. Həmin gün də Samirə pulu tapa bilmədiyi üçün Mingəçevir şəhər polis şöbəsinə müraciət edib.

Polislər belə yaxaladı

Nəhayət, dekabrın 10-da onlar Mingəçevir şəhəri 20 yanvar küçəsi 21 saylı yaşayış binasının yaxınlığında Samirə ilə görüşüblər.

Görüş zamanı Əmir və Elmir Samirənin onlara təklif etdiyi 200 manat məbləğdə pulunonları qane etmədiklərini deyib və pulu götürməkdən imtina ediblər.

Mingəçevir şəhər polis şöbəsinin cinayət axtarış bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində dostlar cinayət başında yaxalanıblar.

“Dəfələrlə görüşdüm”

İstintaq orqanı tərəfindən Əmir Bayramov və Elmir Vəliyevin barəsində Cinayət Məcəlləsinin 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) və 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əmir Bayramov bildirib ki, Samirə ilə onun rəfiqəsi Ləman vasitəsilə tanış olub: “Yaxın münasibətdə olduğum Ləman Samirənin mobil telefon nömrəsini mənə verdi. Bununla da Samirə ilə tanış oldum, münasibət yaratdım. Onunla dəfələrlə görüşdüm”.

“Görüşdüyü oğlanların kim olduqlarını bilməmişəm”

Əmir Bayramovun sözlərinə görə, 2015-ci ilin oktyabr ayından onunla Samirə arasında narazılıqlar yaranmağa başlayıb: “Mənə məlum oldu ki, Samirə telefonla başqa oğlanla da danışır. Samirədən bu barədə soruşdum. O, bunu inkar etdi. Sonra mənə məlum oldu ki, Samirə məndən başqa bir neçə oğlanla danışıb, görüşür. Samirənin danışdığı və ya görüşdüyü oğlanların adlarını və kim olduqlarını bilməmişəm”.

“Samirəni hədə-qorxu altında saxlayacağımı bildirdim”

Təqsirləndirilən şəxs qeyd edib ki, bir müddət sonra Samirə ilə aralarında olan münasibətlərdə soyuqluq yaranıb: “Samirə ilə əlaqə saxlamamışam. Əlaqə saxlamadığım müddət ərzində Samirənin Vüsal adlı tanışımla görüşdüyünü görmüşəm. Bu səbəbdən Samirədən qisas almaq fikrinə düşdüm. Bu məqsədlə dostum Elmir ilə görüşdüm, Samirənin mənə xəyanət etdiyi üçün ondan qisas almaq istədiyimi dedim. Ona Samirəni yaşadığım evə çağırıb onunla cinsi əlaqədə olacağımı, həmin vaxt isə Elmirin bizim videogörüntülərimizi çəkməsini istədim. Ona həmin videogörüntüləri özümdə saxlayaraq Samirəni hədə-qorxu altında saxlayacağımı bildirdim. Elmir də mənimlə razılaşdı”.

“Bir-birlərinə şillə vurdular”

Əmir Bayramov deyib ki, dekabrın 2-də, saat 16 radələrində Samirəyəə zəng edib, onu yaşadığı evə çağırıb: “Elmir ilə aramızda olan razılığa görə, o da Ləmanı evə çağırdı. Ləman ilə Elmir mənim yaşadığım evə birlikdə gəldilər. Bundan bir qədər sonra Samirə də gəldi. Samirənin qapını döydüyünü gördüm. Bu zaman Ləman ilə Elmir valideynlərimin yataq otağına keçdi. Samirə qonaq otağına keçdikdən sonra Elmir və Ləmanıı da həmin otağa çağırdım. Orada Ləmanın Samirəyə xəyanət etdiyini dedim. Sonra Samirə ilə Ləman mübahisə etdilər, onlar bir-birlərinə bir-iki şillə vurdular”.

“Bizi çəkdiyini gördükdə ağlamağa başladı”

Əmir Bayramovun sözlərinə görə, bundan sonra Samirə ilə cinsi əlaqədə olmaq üçün yataq otağıma keçib: “Həmin vaxt bizim görüntümüzü çəkmək üçün Elmirə telefonla yataq otağına keçməsi üçün işarə etdim. Otağa keçəndən sonra Samirənin soyunmasını tələb etdim. Amma Samirə soyunmayacağını dedi. Bu zaman Samirənin əynində olan yun jaketi çıxardım, sonra çarpayıya uzadaraq oral sekslə məşğul olmasını tələb etdim. Amma Samirə oral sekslə məşğul olmaqdan imtina etdi. Onun soyunmasını tələb etdim. Samirə paltarını soyunmayacağını, amma oral sekslə məşğul olacağını söylədi. Samirə ilə oral sekslə məşğul olan zaman Elmir içəri girdi və Samirəyə qarşı etdiyim hərəkətləri görüntüyə almağa başladı. Samirə Elmirin bizi çəkdiyini gördükdə ağlamağa başladı”.

“Əmirə inanaraq onun yaşadığı mənzilə getdim”

Əmir Bayramov deyib ki, bundan sonra Elmir ilə birlikdə Samirə ilə telefonla əlaqə saxlayıb, həmin videogörüntülərin yayılmaması müqabilində ondan 300 manat, daha sonra isə 500 manat pul istəyib: “Samirə 200 manat pulu bizə vermək istəyərkən polis əməkdaşları tərəfindən tutulmuşuq”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan Samirə Məmmədova bildirib ki, Əmirlə tanış olduqdan sonra onunla “Votsap”la əlaqə saxlayıb: “2015-ci ilin sentyabr ayı ərzində biz bir neçə dəfə şəhərdə görüşdük. Dekabrın 2-də, saat 16.00-da Əmir mobil telefonuma zəng edərək anası ilə tanış etmək üçün məni yaşadıqları evə dəvət etdi. Əmirə inanaraq, onun yaşadığı mənzilə getdim”.

“Mənə qarşı əxlaqsız hərəkətlər etdi”

Samirə Məmmədova qeyd edib ki, mənzildə söhbət zamanı o, Əmirə münasibətlərinə son qoymağı təklif edib: “Lakin Əmir üstümə qışqırdı, məni təhqir etdi. Sonra məni öz yataq otağına apardı. Həmin otağa daxil olduqdan sonra Əmir məndən paltarlarımı soyunmağımı tələb etdi. Əmirin istəyindən imtina etdim. Əmir mənimlə qeyri-təbii yolla cinsi əlaqədə olmağı tələb etdi. Lakin imtina etdiyim üçün Əmir məni vurdu. Sonra məni dizim üstdə yerə çökdürərək əynimdəki yun jaketimi çıxardı. Mənə qarşı əxlaqsız hərəkətlər etdi (zərərçəkmiş ifadəsinin bu hissəsində Əmir Bayramovun hərəkətlərini çılpaqlığı ilə danışır. Bu səbəbdən onun həmin hissədə olan ifadəsini ixtisarla təqdim edirik – red.)”.

“Anamın adını çəkdi”

Samirə Məmmədova daha sonra ifadəsində Əmir Bayramovun ona qarşı seksual hərəkətlərini dostunun videoya çəkməsini, sonra həmin videolarla şantaj edildiyini bildirib: “Əxlaqsız hərəkətlər edən zaman üzümü gizlətdim ki, videoya düşməyim. Amma Əmir üzümün videoya düşməsinə şərait yaratdı. Həmçinin mənim və anamın adını çəkdi”.

“Mənə möhlət verdilər”

Samirə Məmmədovanın sözlərinə görə, həmin gün axşam Əmir və Elmir ona zəng edib, videonun silinməsi üçün 300 manat pul tələb ediblər: “Həmin məbləğdə pulumun olmadığını bildirdim, onlardan həmin məbləğdə pulu düzəldə bilmək üçün vaxt istədim. Sonradan Əmir və Elmir məndən 300 deyil, 500 manat pul tələb etdilər. Bundan bir neçə gün keçməsinə baxmayaraq, pulu düzəldib verə bilmədim. Buna görə də Əmir ilə görşüdüm, ondan yenə möhlət istədim. Əmir və Elmir mənə dekabrın 10-u, saat 16-dək möhlət verdilər”.

“Anam polisə getdi”

Samirə Məmmədova deyib ki, həmin tarixdə, saat 13.00-da artıq pulu düzəldə bilməyəcəyini anlayıb və mobil telefon vasitəsilə Əmirə zəng edərək tələb olunan pulu düzəldə bilmədiyini deyib: “Həmin vaxt Əmirdən əlavə vaxt istədim. Əmir isə məni söyərək təhqir etdi. Bildirdi ki, saat 16.00-dək vaxtım var, əgər pulu çatdırmasam, barəmdə olan videogörüntüləri yayacaqlar. Yenə də Əmir ilə razılaşdım. Əlacsız qalıb hər şeyi anama danışdım. Məndən pul tələb etdiklərini və məni yaşadığım evin yaxınlığında gözlədiklərini bildirdim. Bundan sonra anam mənə Əmir və Elmirə çatdırmaq üçün 200 manat pul verdi, özü isə polis şöbəsinə getdi. Bir qədər sonra Əmir və Elmir ilə görüşdüm. Özümdə 200 manat pul olduğunu bildirərək həmin pulu Əmirə verdim. Bu zaman Əmir və Elmir anamın gətirdiyi polis əməkdaşları tərəfindən tutuldular”.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əmir Bayramov 6 il, Elmir Vəliyev isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

Əmir Bayramova qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 150.2.1-ci maddəsi ittihamdan xaric edilib. Elmir Vəliyevə Cinayət Məcəlləsinin 150.2.1 və 150.2.3-cü maddələri ilə bəraət verilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində olan cəzanın yüngülləşdirilməsini xahiş ediblər.

Bundan başqa, prokuror tərəfindən apelyasiya protesti verilib. Prokuror hər iki təqsirləndirilən şəxsin barəsində olan hökmün ağırlaşdırılmasını tələb edib. Zərərçəkmiş tərəfindən də eyni tələblə apelyasiya şikayəti verilib.

Şəki Apelyasiya Məhkəməsində hakim Rəfail Əliyevin sədrlik etdiyi kollegiyada tərəflərin şikayətləri araşdırılıb.

Apelyasiya şikayəti və protestinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, prokurorun protesti təmin edilib, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib.

Yeni hökmə əsasən, hər iki təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 150.2.1, 150.2.3 və 182.2.1-ci maddələri ilə təqsirli biliniblər.

Əmir Bayramovun cəzası 8 ilə, Elmir Vəliyevin cəzası isə 7 ilə qədər artırılıb. Təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin olunmayıb.

Bu qərardan narazı qalan Əmir Bayramov kasasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.

Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə baş tutan prosesdə Əmir Bayramovun kasasiya şikayətinin dəlilləri araşdırılıb. Araşdırmaların sonunda hakim heyəti qərar elan edib. Qərara görə, Əmir Bayramovun kasasiya şikayəti təmin olunmayıb.

Əldə etdiyimiz məlumata əsasən, Elmir Vəliyev də Şəki Apelyasiya Məhkəməsinin qərarından narazı qalıb. O, bu günlərdə Ali Məhkəməyə kasasiya qaydasında şikayət göndərib.

Onun şikayəti araşdırılması üçün hakim Əli Seyfəliyevin icraatına verilib. Yaxın günlərdə bu şikayət üzrə də məhkəmə araşdırması başlanacaq.