Sumqayıt şəhərində 3 yaşlı uşağın ölümündə təqsirləndirilən "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun barəsində olan hökmdən dövlət ittihamçısı kassasiya protesti verib.

Unikal.org "Report" istinadən xəbər verir ki, Ali Məhkəməyə müraciət edən prokurorluq həkimin cəzasının ağırlaşdırılmasını istəyir.

Həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi də kassasiya şikayəti verib. Kassasiya şikayəti hakim Fərhad Kərimovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası hələlik açıqlanmayıb.

İttihama görə, Sumqayıt şəhər sakini, 2014-cü il təvəllüdlü Qurbanlı Arzu Sənan qızı 2016-cı il iyunun 16-da günorta saatlarında Sumqayıt şəhərindəki "Real" Tibb Mərkəzində boğazında damaq badamcıqlarının (qlanda) iltihabından əməliyyat olunub. Həmin gün gecə saatlarında uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Meyit ekspertizaya göndəriləndən sonra uşağın boğulma nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib.

Daha sonra "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İ.Qəmbərov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilməmişdi. Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə İ.Qəmbərova bəraət verilib. Hökmdən narazı qalan prokuror apellyasiya protesti, zərərçəkmiş isə apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin olunmayıb.