Yanvarın 16-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari və İtaliyanın Rusiya Federasiyasındakı Səfirliyində İtaliya Maliyyə Qvardiyasının eksperti, general Klaudio Ramponi ilə görüşüb.

Unikal.org xəbər verir ki, sədr Səfər Mehdiyev iki ölkə arasındakı sıx əməkdaşlıq münasibətlərindən danışaraq bildirib ki, bütün sahələrdə qurulan əlaqələr dostluq və tərəfdaşlıq zəminində yüksələn xətlə inkişaf etməkdədir.

Daha sonra ölkə başçısının gömrük sistemində həyata keçirdiyi mütərəqqi islahatlara toxunan Komitə sədri kağızsız texnologiyalar əsasında fəaliyyət göstərən Azərbaycan gömrüyünün ən müasir yenilikləri və tətbiqləri həyata keçirərək beynəlxalq ticarətin asan və sürətli şəkildə reallaşdırılmasına öz töhfəsini verdiyini bildirib. Vurğulanıb ki, islahatlar çərçivəsində şəffaflığın təmin olunması, korrupsiya ilə mübarizə, gömrük-biznes münasibətlərinin inkişafı istiqamətində atılan addımlar  həm fiskal, həm də hüquqpozmalara qarşı mübarizə sahəsində ciddi nailiyyətlərin əldə edilməsinə zəmin yaradıb. O da qeyd olunub ki, fevral ayının 1-də etibarən idxal-ixrac əməliyyatları zamanı “Yaşıl Dəhliz” buraxılış sisteminin tətbiqi həyata keçiriləcək və bu da məmur-vətəndaş təmasının minimum endirilməsinə, sərhədkeçmə prosesinin sürətlənməsinə və ticarətin daha da asanlaşdırılmasına imkan verəcək.

Azərbaycanın xarici ticarət dövriyyəsində ön sıralarda yer alan  İtaliyanın ölkəmizin  strateji ticarət tərəfdaşlarından biri olduğunu qeyd edən DGK sədri Səfər Mehdiyev iki ölkə arasında qurulan səmərəli əməkdaşlığa gömrük orqanlarının da mühüm töhfə verdiyini  bildirib və qarşılıqlı münasibətlərin daha da güclənəcəyinə əminliyini ifadə edib.

Səfir Auqusto Massari Azərbaycan gömrüyünün sürətlə inkişaf etdiyini, xüsusilə son dövrlərdə həyata keçirilən islahatları və mütərəqqi layihələri biznes mühitinin yaxşılaşdırılmasına, ticarətin asanlaşdırılmasına yönələn uğurlu addımlardan biri kimi dəyərləndirib.

General Klaudio Ramponi də öz növbəsində, ölkəmizdən, onun inkişafından və gömrük orqanlarındakı islahatlardan məmnunluqla bəhs edib.