Bu gün  Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Unikal.org xəbər verir ki, tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti, 20 Yanvar şəhidlərinin yaxınları iştirak edib. Tədbir universitetin şəhid olmuş 3 nəfər tələbəsi - Rahim Babayev, Canpolad Orucov və Ağabəy Novruzbəylinin barelyefləri önündən başlanıb. İştirakçılar şəhidlərin vaxtı ilə oxuduqları fakültələrdə qoyulan barelyefləri önünə qərənfillər düzüb, onların xatirəsini yad ediblər.

Şəhidlərin ailə üzvləri və yaxınlarının iştirak etdiyi anım tədbirində rektor, professor Mustafa Babanlı çıxış edərək ölkəmizin müstəqilliyi uğrunda şəhid olan gənclərimizin ADNSU-da daim qürurla xatırlandığını deyib.

Şəhidlərin ailə üzvləri diqqətə görə, universitet rəhbərliyinə təşəkkür ediblər.

Tədbir iştirakçıları 20 Yanvar hadisələrini və həmin gün şəhid olan qəhrəman oğullarımızı yad edib, onlar haqqında xatirələrini bölüşüblər.